Müsahibə
“Penaltilərdə uduzmaq daha üzücüdür” – İvan Brkiç

“Neftçi”nin qapıçısı İvan Brkiçin futbolinfo.az saytına müsahibəsi
- “Sumqayıt”la oyunda sanki asan qələbə qazandınız…
- Bizim üçün hər şey çox yaxşı alındı. Biz erkən qol vurduq, qırmızı vərəqə oldu. Bundan sonra matçın bütün kontrolunu ələ keçirdik. Sonda layiqli qələbəni qazandıq.
- “Qarabağ” çempion olub, “Neftçi” Konfrans Liqasına vəsiqəni qazanıb. Bundan sonrakı oyunlarda komandanın motivasiyası nə olacaq?
- Hər oyun özü motivasiyadır. Sona qədər ən yaxşı oyunumuzu ortaya qoymalıyıq, meydanda edəcəklərimizə ciddi yanaşmalıyıq. Bu 3 oyundan maksimum xal əldə etməliyik.
- Kubokun yarımfinalında “Zirə”yə uduzdunuz. Həmin məğlubiyyətin səbəbi nə idi və komandaya nə qədər pis təsir etdi?
- Düşünürəm ki, biz yaxşı oynadıq. Əlimizə xeyli şans düşdü, amma qol vura bilmirdik. Sonda penaltilər seriyasında uduzduq.
- İlk dəfə penaltilər seriyasında oynayırdın?
- Yox, bundan əvvəl də olmuşdu.
- Penaltilərdə qapıçıların üzərinə böyük yük düşür…
- Penaltilər hər zaman xüsusidir. Bu bütün qapıçılar üçün eynidir. 11 metrlik zərbələr sonrası uduzursansa, özünü heç də yaxşı hiss etmirsən. Çünki hamı sənə inanır. Amma bu futboldur.
- “Neftçi” “Zirə” ilə oyunlarda daim çətinlik çəkir. Səncə, bunun səbəbi nədir?
- Mən onlara qarşı 3 oyun keçirmişəm və hamısı çox çətin olub. Sadəcə hər hansı səbəb deməyi də doğru saymıram.
- Mövsüm sona yaxınlaşır. Bundan sonra bir illik müqavilən olsa da, təkliflər var? Burada qalmağı düşünürsən?
- “Neftçi”də xoşbəxtəm və burada qalmağı düşünürəm.
AĞA
