Dünya futbolu
Qətərdə dəyər artıranlar – hamısı İngiltərəyə köçür
Dünya Çempionatında özünü yaxşı tərəfdən göstərən bir çox futbolçu aparıcı klubların diqqət mərkəzinə düşüb. Oyunu ilə fərqlənənlər daha yaxşı təkliflər alır.
Futbolinfo.az xəbər verir ki, onlardan biri Yosip Yuranoviçdir. “Seltik”in 27 yaşlı sağ cinah müdafiəçisi bir neçə təklif alıb.
Şotlandiya təmsilçisi Xorvatiya millisinin üzvünü itirəcəyini gözə alaraq onun mövqeyinə yeni futbolçu axtarır. Alister Constonu əsas heyətə cəlb edən “Seltik”in Yuranoviçi İngiltərə klublarından birinə satmağa hazırlaşdığı, hətta artıq razılıq əldə olunduğu deyilir.
“İnter”in müdafiəçisi Denzel Dumfrisin də İngiltərəyə köçəcəyi gözlənilir. Qətərdə Niderland millisinin ¼ finala kimi irəliləməsində böyük rol oynayan sağ cinah oyunçusunun artıq Londonda ev axtardığı haqda xəbərlər var.