2024-2025 mövsümündə növbəti dəfə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” 2-ci və 3-cü təsnifat mərhələlərində səpələnmişlərdə yer alacaq.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu yalnız pley-offda özündən yüksək reytinqə malik rəqiblə qarşılaşa bilər.

Qurban Qurbanovun yetirmələri ardıcıl iki mərhələ keçsə, avtomatik olaraq ən azı Avropa Liqasının qrup mərhələsində iştirakı təmin edəcək. Azərbaycan çempionu geridə qalan mövsümdəki kimi, yenə qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirsə, hansı səbətdə qərarlaşacağı artıq məlumdur. “Qarabağ” Avropa Liqasının qrupuna düşsə, püşkatma zamanı 2-ci səbətdə olacaq.

Ümumiyyətlə, qrupda yer alacaq 36 komandadan hələ ki, 13-ü bilinir. “Qarabağ” isə bu turnirdə çıxış edəcək ən reytinqli 18-ci klubdur. Yəni ən reytinqlilər qrupa qədər irəliləsələr, “Qarabağ” ikinci səbətin sonuncu komandası olacaq. Belədə 1-ci səbətdən “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Portu” (Portuqaliya), “Ayntraxt” (Almaniya) və “Real Sosyedad” (İspaniya) potensial rəqiblər olacaq. 4-cü səbətdən isə “Atletik” (İspaniya), “Hoffenhaym” (Almaniya) və “Nitsa” (Fransa) Azərbaycan çempionu ilə eyni qrupa düşə bilər.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin püşkü avqustun 30-da atılacaq. Mübarizəyə isə sentyabrın 25-26-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp