Müsahibə
“Qarabağ” Pit üçün pul ödəməyib: “Kaş “Xəzər Lənkəran”da daha çox qalmaq imkanım olaydı”

2011-2014-cü illərdə “Xəzər Lənkəran”ın formasını geyinmiş rumıniyalı futbolçu Adrian Pitin futbolinfo.az saytına müsahibəsi
– “Roma” kimi klubda oynamış bir futbolçunun Azərbaycana yollanmaq, “Xəzər Lənkəran”a keçmək qərarının səbəbi hələ də çoxlarına maraqlı gəlir. 2011-ci ilin yanvarında Lənkərana köçməyinizi necə xatırlayırsınız?
– “Roma”dakı son ilimdə “Universitatya Kluj”dan təklif aldım və Rumıniyaya qayıtdım. Cəmi 3-4 ay vaxt keçmişdi ki, menecerim mənə Mirça Rednikin komandasına keçməyi məsləhət gördü. Redniklə söhbət etdim, layihələrini öyrəndim, ondan sonra keçidə razılıq verdim.
– Geriyə boylanıb baxanda peşmanlıq keçirmirsiniz?
– Əsla. Əksinə, düşünürəm ki, kaş “Xəzər Lənkəran”da daha çox qalmaq imkanım olaydı. Orada istər futbolçu, istərsə də insan kimi çox şey öyrəndim.
– Bəs, niyə ayrıldınız?
– “Xəzər Lənkəran”dakı son ilimdə orada vəziyyət yaxşı deyildi. Komanda əvvəlki əzəmətini itirmişdi. Rəhbərlik də gənclərlə yola davam etmək qərarına gəlmişdi. Təəssüf ki, mən ayrılandan qısa müddət sonra komanda dağıldı. Halbuki ora ilə bağlı çox gözəl anlarım, xatirələrim var.
– “Xəzər Lənkəran”dan sonra yenidən Azərbaycanda oynamaq variantınız olmadı?
– “Xəzər Lənkəran”da olarkən belə ehtimal var idi. “Qarabağ” mənimlə maraqlanırdı. Amma klubum azad agent kimi keçidimə icazə vermədi. Onlar isə pul vermək istəmədilər.
– “Xəzər Lənkəran”ın Premyer Liqadakı son mövsümü 2015-16 oldu. Çoxları hələ də bu komandanın yerinin göründüyünü söyləyir…
– Mən də bu cür düşünürəm. Təəssüf ki, klub yanlış idarəçiliyin qurbanı oldu.
– Klubun prezidenti Mübariz Mənsimovun idarəçiyini nəzərdə tutursunuz?
– Xeyr, Mübariz bəy çox gözəl insan idi. Onun xətrini istər rayonda, istərsə də komandada hamı çox istəyirdi. Mübariz Mənsimov haqda mənfi fikir bildirməyim ona haqsızlıq olar. İnanıram ki, o, nəvaxtsa “Xəzər Lənkəran”ı yenidən böyük futbola qaytaracaq.
– Uzun illərdir Azərbaycan futboluna “Qarabağ” hegemonluq edir. Vaxtilə əzəli rəqibiniz olan “Neftçi” sizcə, niyə indi Ağdam klubu ilə ayaqlaşa bilmir?
– Azərbaycan çempionatının matçlarının icmallarına baxıram. “Qarabağ” işini peşəkar səviyyədə qurdu, inkişaf yolunu seçdi. Qurban Qurbanov artıq illərdir komandaya rəhbərlik edir. Həm onun, həm də ətrafındakı insanların peşəkarlığı “Qarabağ”ı bu səviyyəyə yüksəltdi.
– Ağdam klubunun Azərbaycan futbolunda diqtə etməsinə “Neftçi”nin baş məşqçisi olan həmyerliniz Laurentsiu Regekampf da son qoya bilmədi. Rumıniyalı mütəxəssisin ölkəmizdəki ilk ilini necə dəyərləndirirsiniz?
– Birinci ilində “Neftçi”ni çempion edə bilmədiyi üçün Regekampfı tənqid hədəfinə çevirmək doğru olmaz. İstənilən yerdə qalıcı uğur üçün ilk növbədə stabillik yaratmaq lazımdır. Regekampf isə cəmi bir ildir oradadır. Əminəm ki, “Neftçi” hələ onun istədiyi səviyyədə deyil. Bunun üçün keyfiyyətli futbolçular transfer etmək şərtdir. Mənim “Xəzər Lənkəran”dakı vaxtımda “Qarabağ”da oynayan bəzi futbolçular hələ də həmin komandadadırlar. Eyni zamanda baş məşqçilərini də 15 ildir dəyişmirlər. “Neftçi” də belə bir sistem qurmalıdır.
– Sizcə, rumıniyalı futbolçular “Neftçi”ni gücləndirə bilərlər?
– Əlbəttə. Üstəlik, indi Rumıniya klublarında maliyyə problemi var. Məncə, “Neftçi” oradan yüksək səviyyəli oyunçular transfer edə bilər. Regekampf özü Rumıniyada kifayət qədər tanınan, hörmət bəslənilən mütəxəssisdir. Fikrimcə, vaxtilə rəhbərlik etdiyi oyunçuları yanına dəvət etsə, müsbət cavablandırarlar.
ABBAS


- Ölkə futbolu2023-05-23 20:41
Şeydayevin başqa müştəriləri də var imiş
- Ölkə futbolu2023-05-24 08:30
Qurban Qurbanov Jan Borotra fəxri diplomuna layiq görüldü
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq