Ölkə futbolu
“Qarabağ”ın uğuru digər klubları da varlandıracaq: “Şamaxı”, “Turan Tovuz”dan nümunə götür!
“Qarabağ”ın Misli Premyer Liqasının 3-cü turu şərçivəsində “Turan Tovuz”la matçı təxirə salındı. Buna səbəb ağdamlıların Çempionlar Liqasında taleyüklü matça çıxmasıdı.
Çempion yol yorğunluğundan və əlavə yükləmələrin zədəyə səbəb ola biləcəyindən ehtiyatlanaraq “Viktoriya” ilə cavab matçı öncəsinə təsadüf edən bu qarşılaşmanın ertələnməsini istəyib. 3-cü turdakı rəqib “Turan Tovuz” xahişə dərhal müsbət reaksiya verib, ölkə idmanının imici baxımından Tovuzdakı qarşılaşmanın daha sonraya saxlanmasına razı olub.
Əvvəlki turlarda təxirəsalmalara ehtiyac duymayan “Qarabağ”ın istəyi başadüşüləndi. Çexiya təmsilçisi ilə Bakıdakı oyundan sonra Tovuza yollanmaq ciddi yorğunluğa səbəb olacaqdı. Üstəlik, süni örtüklü meydanda oyun başqa problemlərə də yol aça bilərdi. Hətta əsas heyət oynamayacaqsa da belə, plzenlilərlə cavab qarşılaşmasının hazırlığı pozulacaqdı.
“Qarabağ”ın əvvəlki rəqibi “Ferentsvaroş”, eləcə də “Viktoriya” özü də çempionat matçlarını təxirə salmağı lazım bilmişdi. Ona görə də ağdamlıların istəyi təəccüb doğurmamalıdı. Söhbət Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaq baxımından ələ düşən önəmli fürsəti dəyərləndirməkdən gedirsə, ölkə futbolu naminə hamı müəyyən fədakarlığa hazır olmalıdı. İndiki halda, “Turan Tovuz” bunu etdi.
Unutmayaq ki, “Qarabağ”ın ÇL-in qrupuna düşməsi təkcə bu klubun uğuru olmayacaq. Ölkənin futbol imici baxımından qazanması bir yana, bundan digər klublar da maddi cəhətdən faydalanacaq. Komandası CL-in qrupunda oynayan ölkələrin digər klubları da bu fürsətdən yararlanır. Belə ki, UEFA daxili çempionatda oynayan bütün klubların hər birinə yarım milyon avro civarında mükafat-yardım ödəyir. Xatırlayırsızsa, ağdamlılar ilk dəfə ÇL-in qrupuna düşəndə belə bir hal yaşanmışdı. İndi də “Qarabağ” eyni uğuru təkrarlasa, digər klublarımız 10 milyon manata yaxın vəsait əldə edəcək.
Ümid edirik, “Qarabağ” “Viktoriya”nı keçməyi bacaracaq və özüylə yanaşı digər klublarımızı da maddi baxımdan irəli salacaq. Həmin qazanc xüsusilə “Turan Tovuz”un halal haqqı olacaq, amma eyni sözləri “Şamaxı” haqda deyə bilməyəcəyik. Növbəti turda “Qarabağ”ın rəqibi bu komanda olsaydı, çətin ki, təxirəsalmaya razılıq verərdilər.
Belə qənaətə gəlməyimiz təsadüfi deyil. Şamaxılılar bir həftə öncə “Neftçi”nin rəsmi müraciətini rədd etmiş, təxirəsalma bir yana, hətta matçın yerinin Bakıya dəyişdirilməsinə də razı olmamışdı. Nəticədə bakılılar Şamaxıda qələbə qazanıb meydan sahiblərinin dərsini verdi, amma ardınca Vyanada məhz yorğunluq üzündən problem yaşadı. Konfrans Liqasında “Neftçi”nin “Rapid”ə məğlubiyyətinə görə bu bölgə klubu da mənəvi məsuliyyət daşıyır.
CAVAD
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…