“Səbail” rəhbərliyi klubla bağlı qərarları ertələyib. Dünən daxili toplantı keçirilməli, çempionatdakı çıxış təhlil edilməli, yeni mövsümün planları qurulmalı idi. Lakin klubun əsas sponsoru olan Bakı Gəmiqayırma Zavodunun rəhbərliyi tələsməməyi qərara alıb.

Futbolinfo.az xəbər verir ki, klubda ciddi islahatlar planlaşdırılır. Klubun icraçı direktoru Fərəc Əliyev və digər məsul şəxslər vəzifəsindən azad ediləcək. Bu səbəbdən onları əvəz edəcək şəxslərin müəyyənləşdirilməsi lazımdır. Klubdaxili iclasın yubanması da bununla bağlıdır. Sponsorlar yeni büdcəni təsdiqləyərkən hədəflərlə bağlı vədlər almaq istəyir.

Komandanın baş məşqçisi Şahin Diniyev komandaya təyin olunduğu qışdan fərqli olaraq, bu dəfə heyətdə ciddi dəyişikliklər etmək, heyəti gücləndirmək niyyətindədir. Heyətdə olan əksər legionerlər yola salınacaq, onlar yeniləri ilə əvəz olunacaq. Yerli oyunçularla da bağlı ciddi dəyişikliklər mümkündür. Təcrübəli mütəxəssis avrokuboklara vəsiqə uğrunda yarışan heyət qurmaq fikrindədir. Bu üzdən klubdaxili iclasda bütün suallar aydınlaşmalıdır.

Həftə bitməmiş bütün məsələlərə aydınlıq gələcək. Ola bilsin elə bu gün “Səbail”lə bağlı yeni xəbərlər eşitdik.

Shares: