I Liqada çıxış edən MOİK-in futbolçusu Sabir Allahquliyevin futbolinfo.az saytına müsahibəsi

– Komandanız I Liqaya uğurlu start verib. İlk 2 turdan sonra turnir cədvəlində liderlik edirsiniz. Bu cür başlanğıcı gözləyirdinizmi?

– Yaxşı komandayıq. MOİK-də mehriban kollektiv formalaşıb. Gücümüzə inanırdıq. Bir-birimizə dayaq olub güvəndiyimizə görə mövsümə yaxşı başladıq və ilk 2 turda qələbə qazandıq.

– İlk turda “Difai Ağsu”ya, ardınca isə “İmişli”yə qalib gəldiniz. I Liqanın ən iddialı komandalarından sayılan “İmişli” üzərindəki qələbəniz sürpriz sayıldı…

– “Difai” ilə matçda rahat qələbə qazandıq. Oyun baxımından da rəqibi üstələdik və bu, hesabda öz əksini tapdı. İkinci turdakı qələbəmizə gəlincə, “İmişli” yaxşı komandadır. Amma biz də möhkəm kollektivik. Məhz bunun sayəsində çempionatın favoritlərindən hesab olunan “İmişli”yə qalib gələ bildik. Bu qələbə şəxsən mənim üçün sürpriz olmadı, çünki komandamıza inanıram, gücümüzə bələdəm.

– I Liqada maddi baxımdan sizi üstələyən “İrəvan”, “Şamaxı”, “İmişli” və “Karvan” kimi komandalar var. Bu cür iddialıların olduğu liqada MOİK rəhbərliyi tərəfindən qarşınıza hansı vəzifə qoyulub?

– Əvvəlki illərlə müqayisədə bu il I Liqada çempionluğa oynayan komandaların sayı daha çoxdur. Adını çəkdiyiniz klubların hər biri liqanın çempionu olmaq istəyir. Amma biz də iddialı komandayıq, yaxşı heyətimiz var. Bəlkə də heyətimiz bəzilərindən zəifdir. Lakin ümumi götürsək, ortabab heyətə malikik. Rəhbərlik qarşımıza konkret çempionluq tapşırığı qoymayıb. Buna baxmayaraq, mövsümün sonunadək yuxarı pillələrdə qərarlaşmaq üçün əlimizdən gələni edəcəyik. Yaxşı yerlərdən birini tutmaq istəyirik.

– Keçən mövsümü “Qaradağ Lökbatan”da keçirsəniz də, cari mövsümə MOİK-də başladınız. Yayda başqa klublardan təklif almışdınız?

– Təkliflərim çox idi. Premyer Liqadan maraqlanan olmasa da, I və II Liqalarda çıxış edən bir neçə komanda məni öz heyətində görmək istəyirdi. Yekunda MOİK-i seçəsi oldum. Bu variant mənə daha uyğun olduğu üçün belə qərar verdim.

– I Liqanın əvəzedicilərin çempionatından ayrılması və II Liqanın yaradılması haqda nə deyə bilərsiniz?

– Əvəzedicilərin çempionatının I Liqadan ayrılması çox yaxşı oldu. I Liqada çıxış edən bütün futbolçular buna sevindilər. II Liqanın yaradılması da uğurlu addımdır. Liqaların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Artıq gənc oyunçuların I və II liqalarda oynaması, özlərini yaxşı tərəfdən göstərməsi üçün şərait var. Belə liqaların sayəsində kənarda qalan futbolçu, demək olar ki, olmayacaq.

– Artıq neçə vaxtdır ki, I Liqada çıxış edirsiniz. Bir təcrübəli futbolçu olaraq, bu liqada sizi razı salmayan, düzəlməsini istədiyiniz məsələlər hansılardır?

– Əslində, I Liqada maddi cəhətdən vəziyyətin pis olduğunu deməzdim, yaxşıdır. Amma şərait baxımından axsamalar var. Meydançaların durumu çox bərbaddır. Belə meydanlarda futbolçuların zədələnmək ehtimalı böyükdür. Saatlıdakı meydança, elə bizim oynadığımız Binə qəsəbə stadionu olsun – 5-6 klubun oynadığı meydanlar bərbad gündədir. Bu meydanlarda hər dəqiqə zədə ala bilərsən. Narazı olduğumuz və düzəlməsini istədiyimiz məsələ budur.

– Vaxtilə Premyer Liqada oynamış futbolçulardansınız. Yüksək dəstədən uzaq düşməyinizə, elita klublarından kənarda qalmağınıza nə səbəb oldu?

– Bəzi səbəblər oldu, buna görə də futbol həyatıma Premyer Liqada davam edə bilmədim. Ancaq bu dəqiqə də özümü yüksək dəstədə oynayacaq gücdə hesab edirəm. Təklif gəlsə, qəbul etməyə və Premyer Liqada ən azından 1-2 il oynamağa hazıram. İndiki məqamda isə əsas diqqətimi MOİK-in çıxışına yönəltmişəm. Komandamın uğur qazanması üçün əlimdən gələni edəcəyəm.

– Sabiq komandanız “Kəpəz”in hazırkı durumu haqda fikirləriniz necədir? Gəncə klubu Premyer Liqadakı yerini qoruya biləcəkmi?

– “Kəpəz”in bu mövsüm cəmi 2 oyununu izləyə bilmişəm. Baxdığım matçlara əsasən deyə bilərəm ki, pis komanda deyil, yaxşı futbol oynayırlar. Çempionat yeni başlayıb, hələ qarşıda çoxlu tur var. Ümid edirəm ki, “Kəpəz” sonuncu yeri tutmayacaq və Premyer Liqada qala biləcək.

ABBAS

Shares: