Premyer-liqa
Şahin Diniyev: “Psixoloji planda problemlərimiz var”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın XIX turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, 1:2 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İki fərqli hissə izlədik. İlk yarıda hesabda önə keçsək də, fasilədən sonra hər şey dəyişdi. Sol cinah müdafiəçimiz sıradan çıxdı. Turan Manafovun olmaması üzündən rotasiya edə bilmədik. İkinci hissənin startında komanda sanki sıxıldı, özünəinamı itirdi. Oyunçularımız çox çalışsalar da, alınmadı. Psixoloji planda problemlərimiz var. Sonuncu pillədə olmağımız təzyiq yaradır. Amma ruhdan düşmək olmaz, irəliyə baxmaq lazımdır. Problemləri aradan qaldırıb, yolumuza davam edəcəyik. Ümid edirəm ki, getdikcə daha yaxşı oynayacağıq”.
O, qış transfer pəncərəsində yaxşı futbolçular tapa bilmədiklərini söyləyib: “Yalnız bir oyunçu ilə kifayətləndik. Daxili bazarda istədiyimiz 2 futbolçu var idi. Sadəcə, klubları buraxmadı. Təklif olunan əcnəbilər isə çox zəif idi. Legioner yerli oyunçudan fərqlənməlidir. Həmin fərqi görmürəmsə, onu komandaya götürməyi lazım görmürəm”.
Diniyevin sözlərinə görə, iki həftəlik təlim-məşq toplanışında etdiklərinin qarşılığını qısa vaxt ərzində almaq mümkün deyil: “Qığılcımlar var. Oyunumuzu tam təkmilləşdirməliyik. Antalyada gördüyüm futbolu bu gün oynaya bilmədik. Komanda ikinci hissəyə çıxanda sanki yükün altında idi, qorxu hiss olunurdu. Zamana ehtiyac var. Düşünürəm ki, ilk 2-3 turdan sonra hər şey öz axarı ilə gedəcək”.
Baş məşqçi zədəlilərin durumuna da toxunub: “Ruslan Hacıyev hardasa 1,5 aylığına sıradan çıxıb. Ağabala Ramazanov 10 günə , Turan Manafov isə 2-3 həftəyə qayıda bilər. Həkimlər səylə çalışırlar”.

- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı