Ölkə futbolu
“Şamaxı” hələ də köhnə rəhbərliyin borclarını ödəyir

“Şamaxı” yeni mövsümdən etibarən heyətini legionerlər hesabına gücləndirəcək. Bölgə təmsilçisi Premyer Liqada qalsa, strategiyasını dəyişərək əcnəbilərə qucaq açacaq.
Əslində, “Şamaxı”nın hazırda yerli futbolçulara güvənməklə bağlı əlində bayraq etdiyi strategiya heç də könüllü seçilməyib. Klub yerli gənclərlə təcrübəli futbolçuların vəhdətindən ibarət komanda qurmağa məcbur olub. Büdcə yetərli olmadığından, daha ucuz başa gələn varianta üstünlük verilib.
Eyni büdcəyə malik olan, AFFA-dan ayrılan 3 milyon manatla dolanan digər bölgə təmsilçiləri – “Turan Tovuz” və “Kəpəz”dən fərqli olaraq, “Şamaxı”nın legioner gətirə bilməməsi qəribə görünə bilər. Elə müəmma da buradadı. Sən demə, AFFA vasitəsi ilə kluba ayrılan dövlət yardımının 1/3-i Şamaxıda başqa istiqamətə xərcləndiyindən, transferlər üçün pul qalmır.
Məsələ ondadı ki, “Keşlə” adlanarkən kluba rəhbərlik edən Zaur Axundovdan 1 milyon manata yaxın borc miras qalıb. Həmin vaxt qovulan, müqaviləsi birtərəfli pozulan xeyli əcnəbiyə ödənməli məbləğlər yığılıb qalıbmış və Axundov onları aldatmaqla məşğul imiş. Klub “Şamaxı”ya çevrilərkən varislikdən imtina etsəydi, Premyer Liqada oynaması qanunsuz olacaqdı. Ona görə yeni rəhbərlik “Keşlə”ni öhdəlikləri, borcları ilə birlikdə qəbul etdi.
İndi isə həmin borcları ödəmək lazımdı. Axundov klubdan göndərildiyi üçün borcları ödəməkdən imtina edir, yeni rəhbərlik isə problemləri hazırkı büdcəni həmin istiqamətə yönəltməklə çözür. Rayon rəhbərliyi müəyyən xərclərin (otel, qidalanma) qarşılanmasında yardım etməsəydi, “Şamaxı” hətta indiki vəziyyətdə də olmazdı.
Xatırlayırsızsa, “Şamaxı”nın İdarə Heyətinin rəhbəri Elçin Usub bir müddət öncə “Futbolinfo”ya müsahibəsində klubun borclarının olduğunu, Zaur Axundovun onları “bağlamasını” gözlədiklərini bildirmişdi. Görünür, pərdə arxasında gedən proseslərin yekunu olaraq Zaur bəyin səhvlərinin dövlət tərəfindən ayrılan maliyyə yardımı ilə təmizlənməsi məsləhət bilinib.

Strategiya bəhanəsini göstərsələr də, klubun seçdiyi çıxış yolu düzgündü. Mövsümün sonuna kimi köhnə borclardan qurtulmaq mümkün olacaq, sonra isə heyətin gücləndirilməsinə diqqət ayırmaq olar. Işin qəribə tərəfi isə odur ki, klubu belə çətin vəziyyətə salan Axundovdan kimsə hesabat istəmir. Bu şəxs İcraiyyə Komitəsinin üzvü kimi hələ də ölkə futbolunun əsas idarəçilərindən biridi, üstəlik, illərdi Futzal Federasiyasına rəhbərlik edir.
CAVAD
