Milli komandamızın yeni baş məşqçisi Fernandu Santuş birbaşa Rövşən Nəcəfin seçimidir. AFFA prezidenti qurum rəsmilərindən heç kimlə məsləhətləşmədən danışıqları birbaşa özü aparıb.

Təbii ki, ona bu işdə yardımçı olanlar var. Lakin AFFA rəsmilərindən, İcraiyyə Komitəsi üzvlərindən və katiblik əməkdaşlarından kimsə seçimlə bağlı məlumatlı olmayıb. “Futbolinfo”nun əldə etdiyi məlumata görə, iyunun 11-də Rövşən bəy İK üzvlərini onlayn iclasla bağlı məlumatlandırıb və namizədin təsdiqlənməsi üçün diqtə edib. Hər hansı müzakirə olmayıb, analiz aparılmayıb. Sadəcə, portuqaliyalı mütəxəssislə razılaşdıqlarını və müqavilə bağlanacağını bildirib.

Xatırlayırsızsa, ötən ilin sonunda milli komandaya məşqçi seçimi üçün İşçi Qrupu yaradılmış, vitse-prezident Elşad Nəsirov sədr seçilmişdi. Lakin sonradan bu qurum 1-2 dəfə məsləhətləşmə üçün toplaşdı, əməli addım isə atılmadı. İşçi Qrupu baş məşqçi postuna namizədləri deyil, ora seçimlərin kriteriyalarını dəqiqləşdirməyə çalışırdı. Sonradan nə bu qurumun fəaliyyəti haqqında məlumat verildi, nə də ləğvi ilə bağlı.

Aprelin 2-də baş tutan AFFA-nın Növbəti Hesabat-Seçki Konfransından sonra yeni seçilən prezident İşçi Qrupun təklif etdiyi namizədlərlə bağlı danışmışdı. Nəcəf siyahı üzrə tamamlama işlərinin getdiyini, tezliklə seçim ediləcəyini bildirmişdi. Lakin Santuşun seçilməsi də göstərir ki, bu namizəddən İşçi Qrupun xəbəri olmayıb. Çünki portuqaliyalı həmin vaxt “Beşiktaş”ın baş məşqçisi idi və AFFA uzunmüddətli müqaviləsi olan biri ilə danışa bilməzdi.

Santuş variantı o, Türkiyə klubundan istefa verdikdən sonra ortaya çıxıb. Və Nəcəfə bu məsələni məsləhət görən ortaq dostları olub. Sərgən Yalçını xüsusi təyyarə ilə Bakıya gətirib “Neftçi”yə baş məşqçi təyin etdirmək istəyən Rövşən bəy, o zaman maliyyə şərtlərini razılaşdıra bilməmişdi. Təsadüfi deyil, türkiyəli mütəxəssis də “Beşiktaş”a bağlı olan biridir. Deməli, Rövşən bəyin məsləhətçilərini İstanbul klubu ətrafında axtarmaq lazımdır – Sərgən alınmadı, bu klubdan ayrılan digər mütəxəssislə təmasların sonu isə müsbət sonluqla yekunlaşdı.

İndi maraqlı olan Rövşən bəyin bugünkü təqdimat mərasiminə gəlib-gəlməyəcəyidir. Seçimə görə məsuliyyət birbaşa onun boynundadır. Amma SOCAR prezidenti maliyyə ilə bağlı sualların olacağını bildiyindən, çətin ki, jurnalistlər qarşısına çıxsın. O, Adrian Mutunu “Neftçi”yə gətirərkən etdiyi səhvi təkrarlamaz.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp