“Neftçi” rəhbərliyi təkcə baş məşqçi yox, həm də sabah reallaşacaq mümkün uğursuzluq zamanı adının gölgəsində gizlənə biləcəyi tanınan sima axtarır. Sərgən Yalçınla danışıqlar da buna görə idi, Adrian Mutunun dəvəti də buna hesablanıb.

Faktiki “Neftçi”nin başbilənləri məşqçi seçimində namizədlərin bacarığını və öz imkanlarını uzlaşdıra bilmir. Sanki səs-küylü təyinata cəhd edilir ondan sonrası təhlil edilmir. Edilsəydi, Sərgən məsələsi “bişməmiş süfrəyə təqdim olunmazdı”. Türkiyəli mütəxəssislə ilkin razılıq əldə olunmadan onun çarter reysi ilə Bakıya gətirilməsi daha çox şou xarakterli idi. Eyni addımı Qvardiola, Ançelotti, Mourinyo ilə də atmaq olar…

Yaxşı ki, “Neftçi” rəhbərliyi Yalçının tələblərinə razılaşıb riskə getmədi. Əks halda, ona xərclənən pulların hesabatını vermək çətin olardı.

Mutunun təyinatı da fərqli deyil. Bəlkə də onun xərci daha azdır, amma rumının gəlişi də eyni dərəcədə risklidir. Məşqçi kimi ciddi uğurları olmayan birindən danışırıq. “Neftçi”də yaxşı işlər görə, potensialını aça bilər. Lakin Bakı klubu sınaq poliqonudurmu? Alınmasa necə olacaq? Futbolçu karyerası qalmaqallarla zəngin olan birinə “stavka” edilməsi nə dərəcədə düzgündür?

Daha yaxşı məşqçi karyerası olmuş Laurentsiu Regekampla müqayisədə həmyerlisi Mutunu bir pillə üstün göstərən heç bir fakt yoxdur. Yalnız daha parlaq futbolçu karyerasından danışırıqsa, xatırladaq ki, Adrian bura oynamağa gəlmir.

İndiki klubuna 200 min avro kompensasiya, özünə 650 min avro illik maaş və s. xərclər – “Neftçi” qərarı verən kimi bir milyon avroluq riskə girir. Davamını özünüz təsəvvür edin: bahalı transferlər, qərarın verilməsində gecikməyin vəd etdiyi fəsadlar, mümkün təzminatlar perspektivi… Dəyərmi?

Mutu sirli qutudur. Amma inanın ki, indiki məqamda əvəzedici komandanın baş məşqçisi Rəşad Abdullayevə güvənmək daha az riskli olardı.

Ümumiyyətlə, “Neftçi”yə istənilən təyinat süngüylə qarşılanacaq. Bu, illərlə müşahidə olunan fəaliyyətin qiymətidir. Azarkeşlər klubun addımlarında səmimilik görmür, inam yoxdur, niyyətin inkişaf modeli seçmək olmadığı aşkar görünür. “Neftçi”də rəhbərliyə gələn hər şəxs ilk öncə süni reklamla məşğul olur, iş görüntüsü yaradır, nəticə isə heç kimi düşündürmür. Təbii ki, nəticə istəyirlər, amma buna gedən yolu bilmədiklərindən yekunda məyusluq yaşanır. “Neftçi”nin ruhunu öldürmək yox, ona uyğun davranmaq lazımdır.

Bu gün klubda bütün transfer hərəkatı Kamil Məmmədova tapşırılıb. Rəhbərlik özü futbol sahəsində naşı olduğundan bu sahənin adamını seçib. Amma Kamil bəyin özünü araşdırıblarmı? Bu şəxs özü nə edib, hansı fəaliyyəti, uğurlu nəticələri olub? Bahalı əcnəbiləri ölkəyə gətirmək bacarığı hələ əla komanda formalaşdırmaq deyil. Məmmədov daim SOCAR-ın pullarını xərcləmək bacarığı ilə seçilib, lakin onun Berti Foqtsadan belə içində olduğu bütün layihələr məyusluqla bitib. Əksini göstərən bircə fakt deyə bilən varmı?

Yazıda bura qədər “Neftçi” rəhbərliyindən danışdıq, amma kimdir onlar? Öncə kluba kimin rəhbərlik etdiyi aydınlaşdırılmalıdır. Klub prezidenti Kamran Quliyev ofsaydda saxlanılıb, işi Müşahidə Şurası adından bur neçə nəfər görür. Quliyev bacarıqsızdırsa niyə postunda, bacarıqlıdırsa niyə ofsaydda saxlanılır? Bakılılar öncə idarəetməsini düzəltməli, subardinasiya qaydalarına riayət etməlidir. Sərgən gəlir, Mutu çağırılır – lakin klub bunu mətbuatda yazılandan sonra bilir.

Bəlkə də bu, Rövşən Nəcəf stilidir. SOCAR rəhbərinin fəaliyyətinə qiymət vermək üçün çox tezdir, amma atdığı addımlar futbol idarəçiliyindən xəbərsiz olduğunun göstəricisidir. Pul xərcləmək, məşhur adlara güvənmək uğurun təminatı deyil.

Rövşən Nəcəf hələ futbolun necə məmurları “udduğunun” fərqində olmaya bilər, lakin tutduğu yol onu da uçuruma aparır. Və onun işə 0:1 geridə başladığını deyə bilərik. Özü bilər, hesabatı o verəcək, bu gün ətrafına toplaşan məqsədli məsləhətçilər sabah kuluarlarda onun əsas tənqidçisinə çevriləcək.

“Neftçi”də hələ heç bir iş görülməyib, amma azı yarım milyon manat havaya sovrulub – danışıqlara, səfərlərə, çarter reyslərinə. Avrokubok mövsümünə, yeni çempionata sayılı günlər qalıb, ölkənin ən yaşlı klubunun isə baş məşqçisi yoxdur, yetərli oyunçu sayı təmin edilməyib. Klubun özündə isə xaos var. Klub prezidenti ciddiyə alınmır, çünki qərarların SOCAR-dan verildiyini bilirlər; hazırkı məşqçi dueti ciddiyə alınmır, çünki hətta köməkçi kimi imicləri yoxdur, daim boş qalan postlara atılıblar, indi də seleksiyaçı sayılırlar, üstəlik, onların yeni gələcək məşqçinin korpusunda belə yer almayacaqlarını bilirlər.

rovsen necef - Futbolinfo.az

Və Mutu bu xaosun içinə xilaskar kimi gəlir – tanımadığı, futbolunu bilmədiyi ölkəyə. Adrian sirli qutudur, amma onu sirli klubda daha böyük sürprizlər gözləyir. Nəcəf özünün yox, dövlətin pullarından ona qızıl dam vəd edə bilər, lakin “Neftçi”nin bünövrəsi, sütunları etibarsızdır. Hamı altında qalacaq.

ABBAS

Shares: