Ölkə futbolu
Start darmadağınına fərqli reaksiyalar: Qəbələdə dəstək, Bakıda tələb

Gəncəli azarkeşlərin Yaşar Vahabzadəni dayanmadan istefaya səsləməsi aqressiyanın nəticəsidi. Daim səfərdə oynamağa məhkum komandanın gümüş medalçı “Neftçi”ylə səfər oyununda məğlubiyyəti “Kəpəz”in baş məşqçisinə qarşı belə münasibətə səbəb ola bilməz. Heyəti hələ tam formalaşmayan, oyun dəst-xətti indi-indi müəyyənləşən debütantın bakılılara yenilgisi tam normaldı.
Bəs, bu aqressiya haradan qaynaqlanır? Axı, ilk 2 turda xalsız qalan daha 3 komanda var. O zaman digərlərinin yox, məhz “Kəpəz”in ətrafında belə ajiotaj nədəndi?
Bəlkə də matçın hələ 15-ci dəqiqəsində hesabın 0:3 olması, “Kəpəz”in 4 dəqiqəyə 3 top buraxması əsəbləri gərdi. Amma zənnimizcə, əsas səbəb hələ I Diviziondan bəri bu məşqçiylə ulduzu barışmayan azarkeşlərin uğursuzluqlara rəğmən Vahabzadəni postunda saxlayan rəhbərliyə qəzəbidi. Aşağı dəstədə rəqibləriylə müqayisədə ən yaxşı imkanlara sahib ikən məğlubiyyətləri sıralayan Yaşar bəyin vəziyyəti düzəldəcəyinə inam yoxdu. Premyer Liqada ötən həftə debüt edən, hələ özünü isbatlamağa vaxt tapmayan çalışdırıcının istefaya səslənməsi bu məqamdan qaynaqlanır.
“Kəpəz”in Gəncədən qaçaq düşməsinə etirazlar da indiki halda məşqçiyə qarşı aqressiyada cəmləşib. Azarkeşlər heç olmasa, bu tələblərinin nəzərə alınmasını istəyir. Halbuki Gəncə klubunun problemi təkcə Vahabzadə deyil. “Turan Tovuz”dan fərqli olaraq, “Kəpəz” camiyə olaraq yumruq ola bilmir, azarkeşi, futbolçusu, rəhbərliyi doğma şəhər üçün birlik yaratmağı bacarmır. Və bu xaosa klubun daxilindən də dəstək verənlər var.
“Neftçi” ilə dünənki matçın startı çox pis alındı. Avrokubokdakı uğursuzluqdan sonra azarkeşləri qarşısında günahını yumağa çalışan bakılılar oyuna aqressiv başladı, onlarda hər şey alındı və qollar sıralandı. Fasilədən sonra isə rəqiblər hərəyə 2 qol vurub matçı yekunlaşdırdılar.
“Kəpəz” fasilədən sonra qismən özünə gəlsə də, hələ ki, komandanın özünə gəldiyini demək olmaz. Yeni legionerlərin içində özünü yaxşı tərəfdən göstərənlər də var, bərbad oynayanlar da. Zamanla hamısı süzgəcdən keçəcək, optimal heyət formalaşacaq. Sadəcə, bir az səbr etmək lazımdı. “Neftçi” hər nə qədər ən yaxşı oyununu göstərməsə də, bu gün “Kəpəz”dən aşkar üstündü və hesabda bunu əks etdirdilər.
Qələbəyə rəğmən, “Neftçi”də də problemlər var. Komandanın yerli oyunçu potensialı zəifdi, 11 legionerlə oynamaq mümkün olmayanda isə heyətdə boşluqlar nəzərə çarpır. Müdafiənin cinahlarında vəziyyət yaxşı deyil, komanda autsayderdən ev oyununda 2 top buraxırsa, düşünmək üçün kifayət qədər səbəb görünür. Laurentsiu Regekampfın meydana buraxıb daha sonra əvəz etdiyi Rəhman Hacıyev lazımi ehtiyat qüvvənin olmadığını göstərən sadəcə, bir nümunə idi.
Maraqlıdı ki, turun dünənə təsadüf edən digər matçında da meydan sahibləri rəqiblərinə start darmadağını bəxş etdi. Qəbələdə 20-ci dəqiqədə artıq hesab 3:0 idi, “Şamaxı” “Kəpəz”in aqibətini yaşayırdı. Amma qalan zamanda gücünü qorumağı üstün tutan “Qəbələ” qol şousuna ehtiyac duymadı. Meydanda elə mənzərə var idi ki, Elmar Baxşıyevin yetirmələri istəsə, mövsümün ən böyükhesablı nəticəsini də reallaşdıra bilərdi. Lakin məşqçi əsas oyunçuları meydandan almaqla rəqibə özünə gəlmək şansı verdi. “Şamaxı”nın isə gücü yalnız təsəlli qoluna çatdı.
Gəncəlilərdən fərqli olaraq, şamaxılı azarkeşlər məşqçini istefaya səsləmədi, əksinə, komandaya sonadək dəstək oldular. Düzdü, məğlubiyyət alqışlanası hadisə deyil, amma ilk turlardan komanda üzərində təzyiq yaratmaqdansa, səbr etməkdə fayda var. Bu dəstəyin nəticəsi olmayanda zatən mövsümün ilk istefası autsayderlərdən birində gerçəkləşəcək. Amma öncə etimad göstərməkdə fayda var. Bir halda ki, bu komandaların yeganə probleminin məşqçilər olmadığını bilirik…
AĞA

- Ölkə futbolu2023-12-01 01:58
“Qarabağ” Norveçdən 1 xalla qayıdır
- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”