2024-2025 mövsümündə yenidən Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Qarabağ” ilk üç təsnifat mərhələsində səpələnmişlərin sırasında yer alacaq.

Futbolinfo.az saytı xəbər verir ki, Avropada futbol statistikası şirkətinin araşdırmasına görə, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində pley-offa qədər irəliləyəcək.

Yəni Qurban Qurbanovun yetirmələri güclülərin səbətində olduğundan, onların nisbətən zəif reytinqə malik komandaları üstələməsi proqnozlaşdırılır. Böyük ehtimalla Azərbaycan çempionu pley-offda səpələnməmişlər səbətində qərar tutacaq.

Düzdür, “Qarabağ”ın qrup öncəsi son sınaqda da güclülər sırasında olmaq şansı var. Ancaq bunun üçün ağdamlılardan yüksək reytinqə malik “Dinamo” (Zaqreb, Xorvatiya), PAOK (Yunanıstan), “Makkabi” (Təl-Əviv, İsrail) və “Ferensvaroş”dan (Macarıstan) ən azı 3-ü əvvəlki mərhələlərdə büdrəməlidir.

Ümumiyyətlə, “Qarabağ” ÇL-də I raunddan pley-offa qədər mübarizə aparacaq komandalar arasında ən yüksək reytinqli 8-ci klubdur. Azərbaycan çempionu 33.000 əmsala malikdir.

Qeyd edək ki, Çempionlar Liqasında yeni mövsüm 9-10 iyulda keçiriləcək 1-ci təsnifat mərhələsinin ilk oyunları ilə başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp