Ölkə futbolu
Təəssüflə xatırladığımız tanışlar

2008-12-ci illər aralığında Azərbaycanda top qovan, karyerasını burada başa vuran Latviya millisinin sabiq yarımmüdafiəçisi Andrey Rubin avqustun 3-də 43 yaşında vəfat etdi. Sanki öləcəyini hiss edirmiş kimi, bu ilin martında “Mən yalnız bir dəfə oturmuşam” adlı avtobioqrafik kitabını nəşr etdirməyə macal tapandan sonra…
“İnter”, “Qarabağ” və “Simurq”un formasını geyinən Rubin, butslarını mismardan asdıqdan sonra öz ölkəsinin “İşkele”, “Oqre”, “Auda”, “Enad” və Yurmala “Spartak”ı klublarında çalışıb. Elə “Spartak”la da bu il müqavilə imzalamışdı.
Qəfil halı pisləşən və gözlərini əbədi olaraq yuman Rubinin ölümü Latviya futbolu üçün ağır itkidir. Hər halda, millinin 2004-cü ildə Avropa çempionatının final mərhələsinə yüksəlməsində onun böyük rolu var. Latviya yığmasının heyətində 117 oyun keçirən və 10 qol vuran futbolçudan danışırıq.
Rubinin ölümünü Azərbaycan futbol ictimaiyyəti də üzüntü ilə qarşıladı. Və xatirələri canlandırdı. Bu, Azərbaycanda çıxış edən legioner futbolçular arasında ilk belə hal deyil. Burada oynayan əcnəbilər arasında xəstəlik səbəbi ilə vəfat edənlər də olub, faciəvi şəkildə həlak olanlar da.
Belkeviçlə Rubinin oxşar taleyi
Azərbaycanda çıxış edən legioner futbolçular arasında dünyasını dəyişənləri yada salsaq, ilk olaraq “Neftçi”nin sabiq yarımmüdafiəçisi Aleksey Stukas ağıla gəlir. Doğrudur, Əhməd Ələsgərov vasitəsillə 1998-ci ildə “Neftçi”yə gələn ukraynalı millimizin heyətində də 4 oyunda meydana çıxıb. Ona görə də Stukası digər legionerlərlə eyni tutmaq doğru olmazdı. Amma futbolumuzun yetirməsi olmayan bir oyunçunu bu siyahıya saldığımıza görə səhvə də yol vermirik. 2000-ci ildə “Neftçi”dən ayrılaraq Ukraynaya qayıdan və karyerasını “Nikolayev” klubunda başa vuran Aleksey 2 ildən sonra, 33 yaşında xərçəng xəstəliyindən vəfat etdi.
Vaxtı ilə Ukraynada oynayıb ölkəmizə gələn və qəfil ölümü ilə hamını üzən futbolçulardan biri də Kiyev “Dinamo”sunun ünlü futbolçularından Valentin Belkeviç olub. Valeri Lobonovskinin sevimli oyunçularından biri olan belaruslu yarımmüdafiəçi 2007-ci ildə “Dinamo”dan ayrıldıqdan sonra “İnter”ə gəlib. Burada 6 ay çıxış etdikdən sonra “A” kateqoriyalı məşqçilik lisenziyası aldığına görə karyerasını bitirib. Kiyevə qayıdaraq “Dinamo”da məşqçi fəaliyyətinə başlayan Belkeviç gələcəkdə bu komandanın əsas çalışdırıcısı ola bilərdi. Kiyev klubunun prezidenti gələcəkdə bu postu ona təhvil verməyə hazırlaşırdı. Amma 2014-cü il avqustun 1-də qəfil halı pisləşən Belkeviç tromblaşma diaqnozundan vəfat edir.
Taleyin qəribə işinə bax. Belkeviç də Rubin kimi avqustun ilk günlərində dünyasını dəyişib. Hər iki futbolçunu Azərbaycana “İnter” dəvət edib. Hər iki futbolçu karyerasını Azərbaycanda başa vurub. Həm Rubin, həm də Belkeviç öz ölkəsinin yığmasında 10 qol vurub. İkisi də postsovet ölkələrindəndi.
Qəzada qurban gedənlər
Azərbaycanda çıxış edən legioner arasında qəzalar nəticəsində dünyasını dəyişənlər də olub. 2016-cı ildə “Neftçi”yə transfer olunan braziliyalı yarımmüdafiəçi Yonas Pesalli nə burada, nə də həyatda çox qalmadı. “Ağ-qaralar”ın heyətində keçirdiyi 14 oyunda 4 qol vuran Pesallinin ən yaddaqalan oyunu ölkə kubokunda “Zirə”yə qarşı keçirib. Həmin görüşdə het-trik etməsinə baxmayaraq, “Neftçi” rəhbərliyi mövsümün sonunda onunla yollarını ayırdı. Doğrudur, əcəldən qaçmaq olmur, amma kaş burada qalaydı… Braziliyaya qayıdan Yonas “Parana” klubuna keçir və iyunun 12-də avtomobil qəzasında həlak olur.
Amma bu hadisəyə qədər ölkəmizdə çıxış edən daha iki braziliyalı vətənində qəza nəticəsində həlak olmuşdu. Özü də bu hadisə bütün dünyanı şoka salmışdı. Bəli, söhbət 2016-cı ilin noyabrın 28-də “Şapekoense” futbolçularını daşıyan təyyarənin Kolumbiya səmasında qəzaya uğramasından gedir. Həmin təyyarədə qəzaya uğrayanlardan biri 2010-cu ildə “İnter”də çıxış etmiş Filipe Maşado idi. “İnter”də 9 oyun keçirdikdən sonra BƏƏ-nin “Əl Zafra” klubuna keçən Maşado daha sonra vətəninə qayıdaraq “Duki di Kaşias”, “Rezendi”, “Quaratingeta” komandalarında oynamışdı. 2013-cü ildə yenidən Asiyaya qayıdan braziliyalı bu dəfə BƏƏ-nin “Əl-Fucayra” klubuna keçir. Burada da çox qərarlaşmayan Maşado yenə Braziliyaya qayıdır və “Makae” komandasında çıxışr. Daha sonra İrana gələn müdafiəçisi bir müddət bu ölkənin “Səbai Qum” klubunda top qovur. 2016-cı ildən yenidən Braziliyaya qayıdan 32 yaşlı Maşado “Şapekoense”yə keçir və…
Həmin təyyarədə 2014-cü ildə “Xəzər Lənkəran”da çıxış edən Villian Tieqo da olur. Həmin il Lənkəran komandası ilə 1,5 illik müqavilə imzalamasına baxmayaraq, braziliyalı müdafiəçi cənub təmsilçisində cəmi 6 ay oynayır. Dekabrda rəhbərlik oyunçuların məvacibini azaltmaq və əksər legionerlərlə yollarını ayırmaq qərarına gəlir. Nəticədə Tieqoya da qapını göstərirlər. Braziliyaya qayıdan Villian yanvarda “Şapekoense” ilə müqavilə imzalayır. Bu komanda 46 oyun keçirən və 6 qol vuran müdafiəçi 30 yaşında faciəli qəzanın qurbanı olur.
2017/18 mövsümünün ikinci yarısında icarə əsasında “Kəpəz”də çıxış edən trinidad və tobaqolu Şadon Vinçester də qəza nəticəsisində həlak olub. Elə Gəncə klubundan Finlandiyanın SJK klubuna keçən 27 yaşlı hücumçu avtomobil qəzasının qurbanına çevrilib. Trinidad və Tobaqonun Qasparilyo şəhərində daha 3 nəfərlə birgə hərəkət edərkən maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və alışmağa başlayıb. Avtomobildə olan 4 nəfərin hamısı yanaraq ölüb.
FƏRİD
