Ölkə futbolu
Təmtəraq altında gizlənən problemlər: “Şamaxı” bu seçimlərlə uğursuzluğa məhkumdu

Hamı haqlı olduğumuzu görür. Əmin olun ki, kiminləsə qərəzimiz yoxdur, ağlı olan obyektv tənqidlərimizdən nəticə çıxarır, qüsurlarını düzəldir və özü qazanclı çıxır. Zaur Axundov kimi burnununun dikinə gedib biabır olanlar da var, “Şamaxı” rəhbərliyi kimi tənqiddən nəticə çıxaranlar da.
“Şamaxı” dünən təmsil etdiyi şəhərdə təqdimat mərasimi keçirdi. Klub rəhbərli, komandanın heyəti, yeni loqo, formalar ictimaiyyətə nümayiş etdirildi. Bir az geciksələr də, uğurlu zaman seçməsələr də, bunu reallaşdırdılar. Çatışmazlıqlar var, lakin ən azı ən yaxşını etməyə çalışdılar.
“Şamaxı”nın yeni loqosu çox müzakirə olundu. Hamının fikrinə hörmətlə yanaşmaq lazımdı, çünki zövqlər müxtəlifdi. İdeya baxımından yeni loqonu mükəmmələ yaxın saymaq olar – həm müasir, həm də anlamlı. Şəhərin simvolu olan şirin rəsədxananı da unudulmağa qoymayan cizgilərlə ifadə edilməsi ağıllı addımdı. Klub qışda adının dəyişərkən tələsik hazırlanan loqoyla müqayisədə indiki hətta idealdı.
Lakin hətta bəyəndiyimiz bu loqonu da daha yaxşı etmək olardı. Yeni rəmzdə çatışmayan əsas məqam onda futbola aid çaların olmamasıdı. İdeya baxımından yaxşıdı, amma futbolla maraqlanmayan, həqiqəti bilməyən şəxs bu loqonun aidiyyətini müəyyənləşdirməkdə çətinlik çəkər. Təəssüf ki, eyni tendensiya digər klublarımız üçün də əlamətdardı. Topun olmadığı qalxanabənzər loqolar əksər klublarımız üçün xarakterikdi.
Klub “Keşlə”dən “Şamaxı”ya çevrilərkən loqoyla yanaşı klubu yaranma ili ilə bağlı da tənqid edirdik. 2022-ci ilin klubunun varis ola bilməyəcəyini vurğulayırdıq, ortada saxtkarlıq cəhdlərinin ola biləcəyindən yazırdıq. Nəticə çıxarıblar və klub birdən-birə 25 il “qocaldılıb”. “Keşlə”nin sələfi olan “İnter”in yox, onun da sələfi “Xəzər Universiteti”nin yaranma ili əsas götürülüb, üstəlik, yaradıcısı Hamlet İsaxanlı da tədbirə dəvət olunub. Sonuncu fakta görə daha bir əhsən.
Təəssüf ki, eyni sözləri klubun idarə heyəti haqda deyə bilməyəcəyik. Əksər şura komandaları kimi, “Şamaxı”da da futboldan bixəbər adamlar rəhbərliyə cəlb olunub. Onların olduğu yerdə loqoda futbol əlamətinin yaddan çıxması, tədbirin uyğun olmayan vaxta təyin edilməsi gözləniləndi. Yeni layihədi, ilk addımları atırlar, bəlkə də zaman vermək lazımdı. Lakin yaxşı gələcək üçün klubda əsl futbol mütəxəssislərinin olması mütləq şərtdi. Bu, təmin edilməsə, çox çətin olacaq. Görünən də odur ki, bərli-bəzəkli təqdimatın kölgəsində əsas məsələ unudulub.
Elə komandanın təqdim edilən heyətindən də görünür ki, “Şamaxı” autsayder adına əsas namizəd olacaq. Rəhbərlikdə təsadüfi adamlar əyləşəndə seçimlərin belə olması normaldı. Komandanın məşqçi heyəti hələ öyrənməklə məşğul olan həvəskarlardı. Futbolçular isə böyük tapşırıqlar üçün yararsızdı. Kimsə gənclərə şans verilməsini iddia edə bilər. Lakin o uşaqların hamısı ardıcıl məğlubiyyətlərin travmasından nəsibini alacaq. Vəziyyəti dəyişmək üçün isə pedaqoq, psixoloq olmalı məşqçi heyəti yoxdur. Əsas söz sahibi B kateqoriyalı dünənin futbolçusu, sənəddə baş məşqçi kimi göstərilən isə həmişə qadın komandalarıyla işləmiş biridi.
Kəsəsi, rəhbərliyi və futbolçu-məşqçi heyəti uğursuz seçilmiş “Şamaxı” təmtəraqlı təqdimat mərasiminin işığında kölgələnə bilməyəcək. Loqoda əksini tapan şirin əzəmətini, qalaktikosun parlaq ulduzlarını görmək üçün çox işləmək lazımdı. Şamaxı camaatını gözqamaşdırıcı tədbirlərlə aldatmaq olmayacaq, onlar əsl futbol görmək istəyəcək.
Komandanın rəngləri də uğursuz seçilib. “Sumqayıt”ı yamsılamaqdansa, elə “Xəzər Universitet”inin rənglərini seçib 1997-yə bağlılığı göstərmək olardı. Həmin vaxtın sarı-göy rəngləri, ən pis halda “İnter”in göyü və “Keşlə”nin qırmızısı daha məntiqli görünərdi.
ABBAS
