Milli komanda
“Tanışlar”ın bol olduğu rəqib: Slovakiya məğlubedilməz deyil

Yığmamız Millətlər Liqasının 5-ci turunda “ya davam, ya tamam” oyununa çıxır. Əslində, böyük ölçüdə Trnavada Slovakiya yığmasına qarşı oyun “tamam” effekt(sizliy)i verəcək. Lap biz çətin missiyanın öhdəsindən gəlib qrupun ən reytinqli komandasını məğlub etməyi bacarsaq da, böyük ehtimalla, Qazaxıstan seçməsi evdə Belarusa uduzmayacaq. Yəni, eyni vaxtda həm biz udaq, həm qazaxlar uduzsun – bu boyda möcüzələr də olmaz.
Ona görə də, Slovakiya ilə oyuna sadəcə, reytinq və nüfuz xatirinə köklənmək lazımdır. Necə də olmasa, komandanın ruhlanması üçün önəmli oyundur. 2016-cı ilin oktyabrın 11-də Çexiya millisi ilə səfərdə 0:0 hesablı nəticəyə razılaşmışıqsa, 2022-ci ilin sentyabrın 26-da niyə də slovakların öhdəsindən gələ bilməyək?! Azərbaycan millisi o qədər ortabab komandalara badalaq vurub ki…
Slovaklar məğlubedilməz komanda deyil, Qazaxıstan yığmasının 6 xal götürdüyü komandadan danışırıq. Yəni hazırda rəqibimiz ideal formasından çox-çox uzaqdır. Hətta Millətlər Liqasının gedişində məşqçilərini də dəyişdilər. Bir sözlə, rəqib C divizionunda yarımfinala yüksələ bilməmək təhlükəsi yaşayır. Onların özü də qazaxların evdə Belarusla millisi ilə görüşdə xal itirəcəyinə inanmır. Bizm riyazi şanslarımız qalsa da, özümüz yaxşı bilirik ki, itirəcək heç nəyimiz yoxdur. Amma slovaklara paralel keçən oyunda qazaxların hesabda öndə olması ilə bağlı xəbər gəlsə, rəqib bizə qarşı ruhsuz şəkildə oynaya bilər. Bu, bizim rəqibi zərərsizləşdirmək adına ilk reseptimiz olardı.
Onlara meydanda necə “iynə vura bilərik” məsələsinə gəlincə, “kapsullar”ı açıb ortalığa qoymaq heç də pis olmaz. Slovakların güclü və zəif nöqtələrini araşdırmaq fikrindəyik.
Təbii ki, Slovakiya yığmasını bizim komandadan fərqləndirən ən mühüm cəhət bu komandanın böyük turnir təcrübəsinin olması, reytinqi və adlı-sanlı oyunçularıdır. Bütün bunlar öz yerində. Belə əhəmiyyətli özəlliklərdən biri də komandanın oyunçularının əksəriyyətinin legioner həyatı yaşamasıdır. Məsələ ondadır ki, rəqibin 27 oyunçusundan 20-i legioner həyatı yaşayır. Müasir dövrdə “Böyük Beşlik” ölkələrini istisna etsək, digər ölkələrin millilərinin əsas özəklərini legionerlər təşkil edir. Hətta Fransa millisi belə Liqa 1-in oyunçularının ümidinə qalmayıb.
Son bir neçə ildə bu ölkənin əsas millisinin “çərçivə”sini Yan Dubravka qoruyub. Amma təcrübəli oyunçu “Nyukasl”ın əsas qapıçısı olsa da, Millətlər Liqasının ilk 4 oyununda heyətdə yer almayıb. Əvəzində “Fulhem”in qolkiperi Marek Rodak “çərçivə”ni qoruyub. Bu mənada bir qədər bəxtimiz gətirə bilər. Çünki Dubravka “Mançester Yunayted”ə keçdikdən sonra David De Xeanın əvəzedicisi funksiyasını daşıyır. Yəni oyun praktikasından əziyyət çəkir. Eyni sözləri Rodak haqqında da söyləmək olar. Marek Premyer Liqanın ilk iki turunda “Fulhem”in qapısını qorusa da, sonradan rəhbərlik “Arsenal”dan Bernd Lenonu transfer edincə, o, ehtiyat oyunçular skamyasında əyləşdirildi. Formada olan “Spartak Trnava”nın qapıçısı Dominik Takaç isə bu özəlliyinə görə iki adlı-sanlı qapıçını rəqabətdə üstələyə bilməz. Bizimlə oyunda italiyalı mütəxəssis Françesko Kalzonanın Rodakla Dubravka arasında kimin xeyrinə seçim edəcəyi maraq doğurur.
Slovakların müdafiə xəttinə gəlincə, 4 oyunda sabiq baş məşqçi Stefan Tarkoviçin rotasiyalara əl atdığını görə bilərik. Bunun da səbəbini 3 gündən bir oyuna çıxmaqla əlaqələndirmək olar. Məsələn, bu komandanın Belarusu səfərdə 1:0 hesabıyla udduğu oyunda müdafiənin sol cinahında Vernon De Marko, sağ cinahında Peter Pekarik oynayıbsa, mərkəzdə Milan Şkrinyarla Lübomir Şatkaya şans yaradılıb. Qazaxıstana evdə uduzduqları oyunda Şkrinyar əsas heyətə qalıb, digər 3 oyunçu tam dəyişib. Belədə sağa Martin Kosçelnik, sola Yuray Çvatal, mərkəzə də Norbert Gimber keçib.
Bu oyunda məğlubiyyətdən sonra Tarkoviç qovulub və komandanı millimizlə oyuna Samuel Slovak çıxarıb. Bakıdakı görüşdə Samuel Belarusa qarşı meydana çıxan müdafiəçiləri döyüşə atıb, yalnız Şkrinyarı Valyent əvəzləyib. Qazaxıstanla oyunda müdafiəyə yenə əl gəzdirilib. Pekariklə Valyent öz yerini qoruyub, De Marko yerini Çvitala, Şatka isə mövqeyini Gimberə təhvil verib.
Şatkadan söz düşmüşkən, “Lex”in müdafiəçisi bu mövsüm Çempionlar Liqasında hər iki oyunda “Qarabağ”a qarşı oynayıb. Onun Bakıda hansı vəziyyətə düşdüyünü isə xatırlatmağa ehtiyac yoxdur. Yeni italyan baş məşqçinin bizə qarşı görüşdə bu oyunçulardan kimə şans verəcəyini deyə bilmirik. Ona görə də slovakların müdafiə xəttini “belə edək, elə edək” tipli sözlərlə yara bilmərik. Bəlkə de Byazi son 10 ildə “Empoli”, “Napoli” və “Kalyari” kimi komandalarda köməkçi-məşqçi kimi çalışan Françesko Kalzoneni tanıyır deyə, onun necə müdafiə quracağını müəyyənləşdirə bilər.
“Napoli”dən söz düşmüşkən, keçək elə Slovakiya millisinin Neapolda oynayan yarımmüdafiəçisi Stanislav Lobotkaya və onun timsalında yarımmüdafiə xəttinə. Doğrudur, Lobotkanın yolu “Napoli”də Kalzone ilə kəsişməsə də, burada onlar bir-birini gözüyumulu başa düşə bilər. Slovakiya ilə oyunda “birinci təhlükəni kimdən gözləmək lazımdır” sualı ilə baş-başa qalsaq, elə Stasın adını çəkə bilərik. Həqiqətən də Lobotka bu mövsüm “Napoli”nin heyətində ən yaxşılardan biridir. Məsələn, A seriyasının son turunda “Napoli”nin “Milan”ı səfərdə məğlub etməsində Stanislavın böyük rolu oldu. Məhz onun mərkəzdə “Milan”ın hücumlarını qarşılaması və hücuma qoşularkən iti ötürmələri matçın müqəddəratını həll etdi. “Rossonyeri”yə qarşı bunu edən bizə nələr etməz ki?! Ona qarşı nəsə pressinq etməyə dəyməz. Çünki qəfil ötürmə ilə həmin iki oyunçunu arxada qoyduğu boşluğu öz topu ilə doldura bilər.
Yarımmüdafiə xəttində “köhnələr”dən olan Yuray Kutskadan da çəkinmək lazımdır. Amma nəzərə alaq ki, o da artıq “Slovan”a qayıdıb, əvvəlki əzəmətini nümayiş etdirə bilmir. “Vitess”də oynayan Matuş Bero və “Genk”də çıxış edən Patrik Qoroşovski də meydanda “qaynayan” oyunçulardandır. Hə, bir də Renat Dadaşovun “Qrasshopper”dəki komanda yoldaşı Kristian Herts var ki, Kalzonenin ona şans verib-verməyəcəyini deyə bilmərik.
Hücumda da tanış sima var. “Qarabağ”ın ÇL-in pley-off mərhələsindəki rəqibi olan “Viktoriya Plzen”in hücumçusu Erik Yirka yenidən Bəhlulla Bədavinin qarşısına çıxa bilər. Amma Bakı və Plzendəki oyunlarda Yirka 70-ci dəqiqədən sonra meydana çıxmışdı. Kalzone ona bu oyunda əsas heyətdə şans verə bilərmi? Belə baxanda, hazırda Slovakiya millisinin ən zəif nöqtəsi hücumdur. Çexiyanın “Slaviya” klubunda çıxış edən Lukaş Haraslinlə İvan Şransa nisbətən formada olsalar da, onlara tam mərkəz hücumçusu demək olmur.
Ümumiyyətlə, Kalzone ilk 4 oyunla müqayisədə hücuma yeni adlar cəlb edib. Heyətdə nə Suslov var, nə də Duda var, nə də Almasi. Bizim üçün çox tapmaca bir oyun olacaq. Amma o dəqiqdir ki, cinahlardan başımızı çox ağrıda bilərlər. Mərkəzdən müdafiənin arxasına atılan toplar və standart vəziyyətlərdən ehtiyatlı olmalıyıq.
Belə oyunda bizə Qara Qarayev lazım idi. Çünki “Nant”la oyun göstərdi ki, o həm cinahları bağlayır, həm də rəqibin mərkəzini iflic edir. De Byazinin nə fikirləşdiyini bilmirəm, amma konkret 1-2 oyunçularını zərərsizləşdirsək, Slovakiya məğlubedilməz komanda deyil.
ABBAS
