Ölkə futbolu
Üç komanda bu oyundan sonra mükafatlandırılacaq – PFL-dən açıqlama
Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünün qalibi “Qarabağ”, həmçinin gümüş və bürünc medalların sahibi olacaq komandalar yarışın 28-ci turunda Ağdam təmsilçisi ilə “Neftçi” arasındakı matçdan sonra mükafatlandırılacaqlar.
Futbolinfo.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Qol.az saytına açıqlamasında bildirib. O deyib ki, hər il olduğu kimi, bu dəfə də mükafatlandırılma mərasimi son turda keçiriləcək:
“Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim ediləcək. Təkcə “Qarabağ” yox, digər komandalara da – yəni 2-ci və 3-cü yeri tutanlara da mükafat həmin vaxt veriləcək”.
Qeyd edək ki, digərlərindən 1 oyun az keçirən “Qarabağ” 25-ci turda “Sabah”la heç-heçə etməklə (1:1) xallarının sayını 59-a çatdırıb və sona 3 tur qalmış çempionluğu rəsmiləşdirib. Komandanın “Neftçi” ilə 28-ci turdakı görüşü isə mayın 21-i “Azərsun Arena” və ya Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.