Ölkə futbolu
Veteranlarla görüşün pərdəarxası
Gənclər və idman naziri Fərid Qayıbov bir qrup futbol veteranı ilə görüş keçirib. Tədbirdə ölkə futbolunun vəziyyəti barədə müzakirələr aparıb.
Bu xəbər yayıldıqdan sonra sosial şəbəkədə görüşə reaksiyalar da yubanmadı. AFFA-nın yarıtmaz idarəçiliyndən qəzəbli olan əksəriyyət addımı alqışladı. Lakin daha nüfuzlu veteranların yaddan çıxmasını, heç də hamının görüşdə olmamasını qüsur sayanlar da tapıldı.
Oqtay Abdullayev, Maşallah Əhmədov, Tərlan Əhmədov, Novruz Əzimov, Arif Əsədov, Asim Xudiyev və başqalarının olduğu tədbirə İsgəndər Cavadov, Nazim Süleymanov, İqor Ponomaryov kimi daha tanınan veteranların cağırılmamasının səbəbini araşdırdıqda bəlli oldu ki…
Əslində, bu görüşü nazirlik təşkil etməyib. Sadəcə, bir qrup veteran nazirdən onları qəbul etməyi xahiş edib və müsbət cavab alıb. Qayıbov əlavə söz-söhbətə imkan verməmək üçün AFFA-nın baş katibi Sərxan Hacıyevi də tədbirə dəvət edib, beləcə səmərəli müzakirə reallaşıb.
Görüşdə əsasən ölkə futbolunun problemləri müzakirə olunub. Nazir hamının birləşərək problemlərin həllinə çalışmasının gərəkliliyini bildirib, fikir mübadiləsi aparılıb.