Ölkə futbolu
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq

“Zirə” Ukraynadan daha bir futbolçunu heyətinə qatmaq üzrədir. Kiyev “Dinamo”sunun forvardı Vladislav Kulaçı transfer edən qəsəbə təmsilçisi indi də “Minay ın oyunçusu ilə anlaşmağa yaxındır.
Futbolinfo.az xəbər verir ki, əslən azərbaycanlı olan Eldar Quliyev hazırda Bakıdadır. Onunla uzunmüddətli müqavilə bağlanması nəzərdə tutulub. Sənəd problemləri həll edildikdən sonra futbolçunun keçidi rəsmən elan ediləcək.
2018-ci ildə Azərbaycan U-16 yığmasında bir matça çıxmış Quliyev hazırda Ukrayna millisinin şərəfini qoruyur. 20 yaşlı yarımmüdafiəçi Ukrayna U-21-də Farer Adaları və Ermənistana qarşı oynayıb.
2002-ci ildə Ukraynada dünyaya gələn Quliyev 2011-2014-cü illər aralığında Kiyev “Dinamo”sunun futbol akademiyasında bu oyunun sirlərinə yiyələnib. O, daha sonra “Dnepr” (2014-2017), “Arsenal” (Kiyev, 2017) və Donetsk “Şaxtyor”unun (2017-2019) da aşağı yaş qrupları üzrə komandalarında forma geyib. 2019-cu ildən “Mariupol”da çıxış edən Eldar indi “Minay”ın oyunçusudur.
Hazırda “Zirə”də icarədə çıxış edən “Qarabağ”ın futbolçusu Rüstəm Əhmədzadə və “Sabah”ın üzvü Anatoli Nuriyev kimi o da “Minay”ı Azərbaycan klubuna dəyişəcək.
