AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
"Futbolçulara komandanın imici üçün oynamağı, qələbə qazanmağı tapşırmışdım. İlk hissədə oyunumuz alınmasa da, ikinci hissədə daha yaxşı çıxış etdik. Bizim əsas problemimiz qol vura bilməməyimizdi. 9 nəfərlə qaldığımız halda məğlub olmamağımız məni sevindirir. Hakimlik barədə heç nə deyə bilmərəm. Hər iki qırmızı vərəqə düzgün verilmişdi. Mən də futbolçu olmuşam, qırmızı vərəqə almışam. 1993-cü il təvəllüdlü iki futbolçumuz bu gün qırmızı vərəqə aldı. Cavid Tağıyev ümumiyyətlə mövsümü qapayıb. Gələn oyuna kimləri çıxaracam? Əvəzedici komandada da elə güclü futbolçu yoxdu ki, əsas heyətə dəvət edim. "Neftçi" daha səviyyəli komandadı, güclü oynadılar. Hazırda 2015-ci ildə keçiriləcək Avropa oyunlarına hazırlıq getdiyindən hər klubda problem var. Amma AZAL-da bütün futbolçular öz maaşlarını alıblar. Sadəcə, mart ayının pulu qalıb, o da veriləcək. Bu gün Azərbaycanda çox da yüksək səviyyəli legionerlərin olduğunu düşünmürəm. Bəzi legionerlər də var ki, aldığı pula layiq futbol oynamırlar. Hamımız bilirik ki, yayda komandada çoxlu dəyişiklik olacaq. Amma 70 faiz futbolçu heyətdə saxlanılacaq".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp