"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Çoxdan bu cür qələbə qazanmaq istəyirdik. Həm baxımlı oyun oldu, həm də çempion olduq. Hamını bu münasibətlə təbrik edirəm. Bu oyunda hər şey var idi, qollar, yüksək sürət, qol epizodları. “İnter” də çempionluğa layiq komandadır, mövsümü yaxşı keçirdilər. Kaxaber Sxadadzeni işini həmişə qiymətləndirmişəm. Yaxşı komandası, futbol biliyi var. Rəhbərliyimizə təşəkkür edirəm, komandanı yuxarı pillələrdə görmək üçün hər şey ediblər. Mükəmməl mövsüm keçirdik. Bundan sonra daima bu yerlər uğrunda mübarizə aparmalıyıq. Heyətimizdə Rəşad Sadıqovdan başqa çempion olan futbolçumuz yoxdu. Bundan sonra Çempionlar Liqası haqqında düşünmək olar. Növbəti oyunlarda bəzi futbolçulara istirahət verib, gənc futbolçulara şans verəcəm. Bizim çempionat asan deyil. Daha çox istəkli idik, çox çalışırdıq, ona görə də çempion olduq. Fikrimcə, biz bu çempionluğa digərlərindən daha çox layiq idik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp