"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Qarabağ”ı çempion olması münasibəti ilə təbrik edirəm. Mövsümü yaxşı keçirdilər, çempionluğa layiq idilər. Çoxlu qol epizodları oldu. Hesab 2:1 olduqdan sonra oyuna intriqa qayıtdı. “Qarabağ”ın üçüncü qolu isə həlledici oldu. Mövsümün əvvəlində iddialılar sırasında olsaq da, ilk 6 turdan sonra bizi ciddi qəbul etmirdilər. İkinci yer bizim üçün böyük uğur sayılacaq. Qarşıda bizi iki vacib oyun gözləyir, çalışmalıyıq ki, mövsümü ikinci pillədə başa vuraq. Artıq 5 mövsümdür ki, burada işləyirəm. Ölkə kubokundan başqa bütün titulları qazanmışam. Yaxşı komanda yaratmışıq. Buradan getməyim, bəlkə də, düzgün olmazdı. Amma indidən gedib-getməyəcəyimi dəqiq deyə bilmərəm. Hakimlik bir şey yox idi, “Qarabağ” bu mövsüm bizi 4 dəfə məğlub edib. Bizim 7 oyunluq qələbə seriyamız var idi. Obyektiv olmaq lazımdı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp