Topaz Premyer Liqasının XXXIV turunda “İnter”i 4:1 hesabı ilə qalib gələn və Azərbaycan çempionu titulunu təmin edən “Qarabağ” UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Futbolinfo.az xəbər verir ki, bu yarışa II təsnifat mərhələsindən qatılacaq Ağdam təmsilçisi tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində oynayacaq.

Belə ki, “Qarabağ” indiyədək 2 dəfə Kuboklar kuboku (1996/97, 1998/99), 3 dəfə UEFA kuboku (1997/98, 2004/05, 2006/07), 4 dəfə bu yarışın yeni adı altında Avropa Liqasında (2009/10, 2010/11, 2011/12, 2013/14), 1 dəfə İntertoto kubokunda (1999) çıxış edib. Ağdamlılar yalnız 11-ci cəhddən Avropanın ən güclüləri ilə mübarizə aparmaq hüququ qazanıb.

“Qarabağ” Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək 7-ci komandadır. Bunadək “Neftçi” 6 (1997/98, 2004/05, 2005/06, 2011/12, 2012/13, 2013/14), “Kəpəz” (1998/99, 1999/2000), “Şəmkir” (2000/01, 2001/02), “Bakı” (2006/07, 2009/10), “İnter” (2008/09, 2010/11) hərəyə 2, “Xəzər Lənkəran” 1 (2007/08) dəfə çempionların yarışına qatılmışdı.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp