Avqustun 14-də keçirilən AFFA İcraiyyə Komitəsinin növbəti iclasında bir sıra mühüm qərarlar qəbul olundu. Futbolinfo.az xəbər verir ki, iclas zamanı qəbul edilən qərarlardan biri də Topaz Premyer Liqasında çıxış edən klubların İdarə Heyətinin yaradılması ilə bağlı idi.
 
Qəbul edilən qərara əsasən, klub idarəçilərini seçməli və siyahının təsdiqlənməsi üçün AFFA-nın baş katibliyinə təqdim etməliydi. Həmçinin qərarda prosesin bu ilin sonunadək başa çatdırılması bildirilmişdi.
 
Lakin İK-nın qəbul etdiyi həmin qərardan 2 ay keçməsinə baxmayaraq, klubların hamısında İdarə heyəti yaradılmayıb. Bəzi klublar İdarə Heyəti yaratsalar da, federasiya rəsmilərinin “İdarə Heyətinin tərkibində bir veteran futbolçunun iştirakı ödənişli əsaslarla təmin olunsun” bəndi qulaqardına vurulub.
 
Bir neçə klubda İK-nın qərarına əsasən olmasa da, klubdaxili İdarə Heyəti formalaşıb. Gəl ki, hərəsində bir “əmma” ilə…
 
“Neftçi”nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə Futbolinfo.az-a verdiyi açıqlamada hazırlığın davam etdiyini bildirib: “Bəli, biz də “Neftçi” olaraq İdarə Heyətini formalaşdırmağa hazırlaşırıq. Hələ ilin sonunadək vaxtımız var. Təbii ki, İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, heyət formalaşacaq və həmin siyahı katibliyə təqdim olunacaq”.
 
Digər Premyer Liqa təmsilçisi “Rəvan”da da hazırlıqlar davam edir. Klubun mətbuat katibi Elvin Yaqubov yeni baş məşqçi seçimiylə əlaqədar işlərin ləngidiyini söyləyib: “Bildiyimiz kimi, yaxınlarda yeni baş məşqçiylə müqavilə imzaladıq. Bu səbəbdən digər məsələlər ikinci plana keçdi. Bizdə klubdaxili İdarə Heyəti var, amma İcraiyyə Komitəsinin qərarına əsasən yeni heyət formalaşdıracağıq. Bununla bağlı da hazırlıqlar gedir. Hələ qarşıda 2 ay vaxtımız var. İlin sonuna qədər siyahını təqdim edəcəyik”.
 
“Simurq”un mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev də İdarə Heyəti ilə bağlı planın cızıldığını bildirib: “Təbii ki, hazırda iş gedir. Lakin ortada dəqiq siyahı yoxdu. Klub daxilində məsələ üzərində işləyirik və İcraiyyə Komitəsinin tələblərinə əsasən siyahı tərtib olunacaq. Hələ ki, vaxtımız var. Siyahı tam hazır olduqdan sonra ictimaiyyətə təqdim olunacaq”.
 
İK-nın qərarına əsasən siyahı hazırlamağa davam edən klublardan başqa artıq baş katibliyə müraciət edən də var. Belə ki, “Xəzər Lənkəran” artıq 6 nəfərdən ibarət İdarə Heyəti yaradaraq, siyahını AFFA-nın baş katibliyinə təqdim edib. Elə “Sumqayıt”da da işlər yekunlaşıb.
 
Klub rəsmiləri hazırlığın getdiyini bildirdi. Ancaq bir məsələyə də toxunmaq lazımdı. Bizdən daha yaxşı top qovan Avropa klublarında da İdarə heyəti var. Lakin bu ölkələrin futbol federasiyaları nə klublardan himayəyə veteran futbolçu götürməyi, nə də “seçilmişlər”i təsdiqləmək üçün baş katibliyə müraciəti tələb etmir. Məgər klubların İdarə heyətini Elxan Məmmədov formalaşdırmalıdı?
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp