Topaz Premyer Liqasının 10-cu turunda "Rəvan" səfərdə "Neftçi"nin qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, bu oyun qonaqlar üçün xüsusi əhəmiyyət daşıyır.
 
Belə ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev "Rəvan"la debüt oyununa çıxacaq. Oyunla bağlı Diniyevin fikirlərini öyrəndik. Baş məşqçi məşqlərin qaydasında getdiyini bildirsə də, rəqiblərindən zəif olduqlarını söylədi:
 
"Neftçi" ilə oyuna hazırlıqlar davam edir. Komandada əhval-ruhiyyə normaldı, hər şey öz qaydasındadı. Biz çempionatın iddialı, turnir cədvəlinin ilk pillələrində qərarlaşan komandasına qarşı mübarizə aparacağıq. Bu, bizim üçün heç də asan bir oyun olmayacaq. Qəbul etmək lazımdı ki, rəqibimiz istər komanda, istər fərdi ustalıq səviyyəsində bizdən öndədi. Lakin bu amillər bizim məğlubiyyət üçün meydana çıxmağımız anlamına gəlməməlidi. Biz də meydanda öz gücümüzü göstərəcəyik. Sözün düzü, debüt oyununu "Neftçi"yə qarşı keçirmək xoş bir şey deyil. Mən məşqlərdən, əvəzedicilərimizlə keçirilən yoldaşlıq oyunundan sonra uşaqların nəyə qadir olduğunu bilirəm. Hazırlıqlar zamanı futbolçularımız özlərini yaxşı cəhətdən göstərirlər. Təbii ki, biz də "Rəvan" olaraq meydana məğlub olmağa yox, bütün matçlara xal qazanmaq, qalib gəlmək üçün çıxmalıyıq”.
 
Qeyd edək ki, "Neftçi" – "Rəvan" qarşılaşması oktyabrın 19-da "Bakcell Arena"da keçiriləcək və saat 16:00-da başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp