AFFA-nın baş katibi Elxan Məmmədov millimizin Şimali İrlandiya yığması ilə oyundan sonra brifinq keçirib. O, 2:0 hesabıyla qalib gəldiyimiz matç, eləcə də bir sıra başqa məqamlarla bağlı danışıb.
– Millinin nəticələrini ildən-ilə yaxşılaşdırmaq istəyirik. Bildiyiniz kimi, ötən seçmə mərhələdə 7 xal toplamışdıqsa, indi 8 xalımız var. Geriyə boylananda başa düşürük ki, Lüksemburqla 2 oyunda itirdiyimiz 4 xalı əldə etsəydik, qrupda 2-3-cü yerlər uğrunda mübarizə apara bilərdik.
– Berti Foqtsun istefası gündəmə gələndən bəri millimiz yaxşı nəticələr qazanır. Bu nəticələr onun qalmasına təsir etmir ki?
– AFFA rəhbərliyi olaraq qeyd etmişik ki, seçmə mərhələnin bitməsini gözləyirik. Bu barədə emosional qərar vermək istəmirdik və hazırda da istəmirik. Gəlin, Rusiya ilə matçı da gözləyək. Bu oyundan sonra 2 ay vaxtımız var. Məhz həmin müddətdə növbəti seçmə mərhələyə hansı baş məşqçi ilə başlayacağımıza qərar verəcəyik. Bildiyiniz kimi, qərarı İcraiyyə Komitəsinin üzvləri verir.
– Oyundan əvvəl Şimali İrlandiya ilə matça az azarkeşin maraq göstərməsindən narazı qalmışdınız. Bu gün onlardan razı qaldınızmı?
– Yox. Hesab edirəm ki, Şimali İrlandiya ilə matçda stadionda boş yer qalmamalı idi. Təəssüflər olsun ki, bu matça gəlməyənlər Rusiya ilə görüşdə millimizə görə yox, ruslara görə stadiona bilet alır. Amma bizə bugünkü matçda onların dəstəyi daha çox lazım idi. O azarkeşlərə “çox sağ olun” deyirəm ki, bu gün stadiona gəlmişdi. Onlar olmasaydılar, bəlkə də qələbə qazana bilməyəcəkdik. Komanda stadiona çıxanda, tribunaları dolu görəndə daha da inamlı oynayır.
– Düşünmürsünüz ki, azarkeşləri stadiondan qaçıran amil oyunların “Bakcell Arena”ya salınmasıdı?
– Bilirsiniz ki, “Bakcell Arena” çox münasib yerdə tikilib. 2 metronun arasındadı. Bunu unutmaq lazım deyil. İkincisi də ki, 8-ci km qəsəbəsinin tabe olduğu Nizami rayonu Bakının ən çox əhali yaşayan ikinci rayonudu. Üstəlik, burda gözəl şərait var. Avtomobillər üçün yeraltı və yerüstü 600 dayanacaq var. Təbii ki, biz çalışmalıyıq ki, Tofiq Bəhramov adına Respublika stadionunda da oyunları keçirək. Bu gün bu 2 stadion beynəlxalq oyunları təşkil etmək üçün tam hazırdı. Ötən il bu mərhələdə bütün oyunlarımızı mərkəzi arenada oynamışdıq. “Bakcell Arena”da isə cəmi 3-cü qarşılaşmamızı keçiririk.
– Rusiya ilə matçın məhz bu stadiona salınmasının əsas səbəbini bilmək istəyirik…
– Fikirləşdik ki, komanda ardıcıl ev oyunlarını eyni stadionda keçirəndə buna öyrəşir. Ola bilərdi ki, 4 gün sonra başqa stadionda oynamalı olsaydıq, ab-hava başqa cür olacaqdı. Üstəlik, bu arenada komanda hələ uduzmayıb.
– Amma Rusiya ilə görüşü burda keçirməklə cəmi 11 min azarkeş bilet ala biləcək. Bəziləri isə bilet tapa bilmədiyindən bu, onların stadiona gəlməsinə mane olacaq. Çünki ruslarla əvvəlki görüşdə mərkəzi arena tam dolmuşdu…
– Sizinlə razıyam. 1 ay bundan qabaq bilet satışına başlamışdıq. Gəlib, alardılar. Bunu da etmədilər. Güzəştli biletlər də var idi. 2 oyuna bilet alanlar az pul ödəyirdi. Əsas odu ki, stadion olsun. Daha yaxşıdı ki, kiçik arenada oynayasan və o da tam dolsun. Bir də var böyük stadionda oynayasan, ancaq o dolmaya.
– AFFA üçün böyük bir bayram olmalıdı. Çünki əvvəl U-21, sonra isə əsas milli qalib gəldi…
– Bəli. Açığı, biz U-21-dən qələbə gözləmirdik. Səfərdə Norveçə qalib gəldilər və hazırda qrupda 2-ci yerdədilər. Bu o deməkdir ki, komanda mübarizə aparır. Hesab edirəm ki, Portuqaliya ilə qrup liderliyi uğrunda oyunda da bizi sevindirə biləcəklər.