AÇ-2014-ün seçmə mərhələsindəki uğursuz çıxışı Azərbaycanın U-19 yığmasının baş məşqçisi Arif İsayevin istefasını gündəmə gətirdi. Futbolinfo.az xəbər verir ki, ilk oyununda İrlandiyaya (0:2) uduzan komandamız ardından Bosniya və Herseqovina ilə qolsuz heç-heçəyə razılaşsa da, son turda İsveçə darmadağınla məğlub olaraq (1:5) qrup sonuncusu oldu.
 
Məhz bu uğursuz çıxışın ardından Arif Əsədovun yığmadan getməsi hazırda əsas müzakirə mövzularından birinə çevrilib. Yerli mütəxəssisin son günlərdə mətbuata verdiyi ayrılıq mesajları da onun millidən uzaqlaşacağına işarə verir. Baş məşqçi müqavilə müddətinin başa çatdığını və milliylə vidalaşma ehtimalından danışıb. Lakin AFFA rəhbərliyinin ölkə xaricində olması Əsədovun hələ də bu posta qalmasına şərait yaradıb. Rəhbərliyə hesabat təqdim etməyə hazırlaşan mütəxəssis millidən gedib-getməyəcəyini bilmək üçün rəsmilərin vətənə qayıtmasını gözləyir:
 
“Artıq AFFA ilə olan müqavilə müddəti başa çatıb. Yekun hesabatı təqdim etmək üçün rəhbərliyi gözləyirəm. Görüşdən sonra bütün məsələlərə aydınlıq gələcək. Mənim millinin baş məşqçi postunda qalmağım və ya getməyim həmin görüşdən sonra aydın olacaq. Hələlik, bu barədə dəqiq məlumatım olmadığından heç nə deyə bilmərəm”.
 
Əsədov saytımıza açıqlamasında bəzi qaranlıq məsələlərə də aydınlıq gətirdi. Onun sözlərinə görə, milli ümumilikdə pis nəticə göstərməyib: “Fikrimcə, başçılıq etdiyim komanda o qədər də pis nəticə göstərmədi. Nəzərə almalıyıq ki, U-19 gələn ildən 20 yaşlılarda mübarizə aparmalıdı. Lakin bizdə belə komanda yoxdu. Onların taleyi də qaranlıq olaraq qalır. Yenə qeyd etmək istəyirəm ki, bütün bu məsələlərə rəhbərliklə görüşdən sonra aydınlıq gələcək”.
 
Almanlara uzun illərdi bel bağlayan, onları hər bir uğursuzluğu müqabilində dəstəkləyən AFFA-nın yerli məşqçilərə nə qədər inandığını görmək üçün rəhbərliyin vətənə qayıtmağını gözləməliyik. Hər halda Əsədova Berti Foqts, Bernard Lippert qədər güvənilib-güvənilməyəcəyi yaxın günlərdə bəlli olmalıdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp