İdman Araşdırmalar Mərkəzi (İAM) futbol üzrə Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki çıxışlarının yekunu ilə bağlı rəy yayıb. Futbolinfo.az xəbər verir ki, rəsmi açıqlamada yığmamızın ötən seçmə tsikldəki nəticələri təhlil olunub.
 
Rəydə bildirilir ki, millimizin topladığı xallar baxımından əvvəlki tsikllərə nəzərən müsbət dinamika olub: “Baş məşqçi Berti Foqtsun rəhbərliyi ilə Azərbaycan milli komandası üst-üstə 3 seçmə mərhələdə xal sayını 5-dən 7-yə, 7-dən 9-a olmaqla ədədi silsilə ilə artırdı. Nəticədə 10 oyundan 9 xal toplayan millimiz rekord göstəriciyə imza atdı. Digər müsbət məqam əvvəlki seçmə tsikllərdən fərqli olaraq, səfərdə nisbətən güclü rəqiblərlə oyunlarda xalların qazanılması ilə bağlıdır. 9 xaldan 3-ü İsrail, Şimali İrlandiya və Lüksemburqla səfər qarşılaşmalarında əldə olundu. Cəmi 3 oyunda yenilməsi, o cümlədən yalnız 1 dəfə böyük hesabla uduzması, Rusiya ilə son oyunda azlıqda qaldığı halda qol vurmağı bacarması kimi amilləri də yığmamızın aktivinə yazmaq olar”.
 
Bunlarla yanaşı, rəydə mənfi məqamlar da əksini tapıb: “Ötən tsikldə 2 qələbə qazanmış millimizin bu dəfə 1 qələbə ilə kifayətlənməsi heç də yaxşı hal deyil. Yığmamızın Portuqaliya və Rusiya kimi güclü rəqiblərlə oyunlarda ultra-müdafiə futbolu sərgiləyərək, sırf az qol buraxmaq və ya bəxtə arxayın olub heç buraxmamaq üçün oynaması da təqdir edilə bilməz. Ən əsası, komandamız İsrail, Şimali İrlandiya və Lüksemburq millilərinin qeyri-sabit çıxışlarından daha yaxşı yararlanaraq, 3-cü yeri tutmağa çalışmalı, heç olmasa, özündən əvvəlki İsraillə xal fərqinin 5-ə çatmasına imkan verməməli idi”.
 
İstənilən halda, İAM toplanılan 9 xal, qrupda 4-cü yer və seçmə mərhələnin yekunundan sonra açıqlanan FİFA reytinqində 88-ci pillənin 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatması zamanı Azərbaycanın daha yüksək reytinqli komandalarla eyni səbətdə yer almasına imkan verəcəyi qənaətinə gəlib: “Bu isə növbəti seçmə tsikldə nisbətən zəif reytinqli komandalarla eyni qrupa düşərək, daha çox xal toplamağa şərait yarada bilər. Hazırkı heyətdəki futbolçuların yaş dövrü və növbəti qitə çempionatının final mərhələsində 16 deyil, 24 komandanın mübarizə aparacağı faktı millimizin seçmə qrupda ilk “3-lüy”ə düşərək, Fransaya vəsiqə şanslarını artırır”.
 
Qurum hesab edir ki, Azərbaycan millisinin növbəti tsikldə hədəfi dəyişilməli, komandamızın qarşısına təkcə daha çox xal toplamaq yox, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulmalıdır. Yalnız bu vəzifənin öhdəsindən gəlməyə özünü hazır sayacağı halda, Berti Foqtsla müqavilə uzadıla bilər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp