Deyirlər pul əl çirkidi. Bu, həqiqətən belədisə, onda futbolçularımız başdan-ayağa çirkab içindədi. Çünki Azərbaycan çempionatında dövr edən pullar yerli futbolçularımızı çirkabdan çıxmağa qoymur.
 
Belədə "isti ocağı"nda istədiyi qədər qazanan yerlilərimiz ölkədən kənarda qüvvəsini sınamaq eşqinə düşmür. Düzdü, Azərbaycanda futbolun səviyyəsinin elə də yüksək olmadığına görə xaricdən oyunçularımıza təklif gəlmədiyini də söyləməliyik. Ancaq biz də gözümüzü "böyük beşlik" ölkələrinə dikməmişik. Heç olmasa, futbolçularımız qonşu və postsovet ölkələrində top qova bilərdi.
Yadınızdadısa, təxminən 10 il öncə futbolsuz qaldığımız günlərdə yerli futbolçularımız İran, Türkiyə və Ukraynaya üz tuturdular. Xüsusən də Ukraynada "Tavriya"la "Volın" Azərbaycan koloniyasına çevrilmişdi. Amma Fuad Musayev devrildikdən sonra "xəzinələr adası"nın kəşfi yerlilərimizin marşrutu dəyişməsinə şərait yaratdı. Elə həmin dövrdən bəri azərbaycanlı futbolçunun Avropaya olan qapısı bağlandı.
 
Düzdü, Ruslan Abışovun "Rubin"də ehtiyat oyunçular skamyasında əyləşməyini və burada qazandığı pullardan imtina etməsini istisna etmək olar. Amma bu da ümumi planda heç nəyi dəyişdirmir. Vəziyyəti dəyişmək üçün isə çempionatda nələrisə dəyişmək lazım idi. Bu mövsüm premyer-liqa komandalarının sayının 10-a enməsi və birinci dəstədə mübarizə aparan komandaların məcburi şəkildə 21 yaşa qədər oyunçulara üstünlük verilməsi bir qədər sərhədlərimizi açdı. Artıq bəzi oyunçular əsas komandada özünə yer tapa bilmədiyinə görə sıxışdırılmaq və baş götürüb Azərbaycandan qaçmaq məcburiyyətində qaldı.
 
Hazırda Türkiyə çempionatının birinci dəstəsində xeyli yerli futbolçumuz çıxış edir. Məlum məsələdi ki, öz klublarımızdan onlara yağlı təkliflər gəlsəydi, onlar qərib ölkə haqda fikirləşməyəcəkdi. Məsələ ondadı ki, burada heyətdən kənarlaşdırılan və sonradan heç kimə lazım olmadığını anlayan Rail Məlikov da bir il "Dənizlispor"da oynadıqdan sonra "Qəbələ"nin "səxavət kisəsi"ni açmasıyla vətənə qayıtdı. Əminliklə söyləmək olar ki, bu gün Türkiyədə oynayan Branimir Subaşiç və Fərid Quliyevə yenidən Azərbaycandan sərfəli təkliflər gəlsəydi, onlar düşünmədən "qiblələrini dəyişərdilər". Elə Subaşiçdən söz düşmüşkən, serbiyalı hücumçu vaxtıyla doğma vətənində və Çində özünə yer tapa bilmədiyindən yenidən Azərbaycana qayıtmışdı.
 
Bütün bunların kökündə dayanan səbəb isə Azərbaycan futbolçusunun futbola məqsəd yox, vasitə kimi baxmasıdı. Deyərdim ki, bu, hazırda bizim mentalitetimizə çevrilib. Futbolda böyük uğurlar qazanan oyunçular bu idman növünü qazanacağı pullara görə yox, sadəcə, bu oyuna bağlılığına görə seçiblər. Yaxşı oynadıqca, ucaldıqca pul da istəklərindən asılı olmayaraq, özü gəlib səni tapacaq. Ancaq bizimkilər pulu sevdiyindən futbol ikinci plana keçir və nəticədə də boyundan yuxarı tullana bilmirlər. Hər nə qədər klub bosslarımız "tas"ı azaltmasalar, yerli futbolçularımızdan legioner həyatı gözləməyə dəyməz. Bütün bunlar isə yığma komandamızın başında çatlayır. Ancaq Azərbaycan birinciliyində oynayan futbolçularla hansısa iddialı yığmadan danışmağa dəyməz. Ona görə də Foqtsu tənqid etməkdənsə, millimizin üzvlərinin başına ağıl qoymaq lazımdı. Bu gün Ermənistan millisinin bizdən yaxşı oynamasının səbəbi "onların həmişə futbol ənənəsi olub" bəhanəsi deyil. Bu gün erməni futbolçu legioner həyatı yaşamaq üçün dəridən-qabıqdan çıxır. Elə bunun məntiqi nəticəsidi ki, Mxitaryan Dortmund "Borussiya"sında, Movsisyan "Spartak"da oynayır.
 
Əslində futbolçularımızı ölkədə "pul şabaşı"na tutan klub sahiblərinin başqa günahları da var. Guya Türkiyədə yaxşı əlaqələri olan Mübariz Mənsimov hansısa aparıcı oyunçumuzu superliqa klubuna calaq edə bilməzmi? Yəni hansısa bir futbolçumuz Hafiz Məmmədov "Lans"ına gedə bilməz? Sadəcə, istəmirik. Bizim problemimiz futbolu yanlış başa düşməyimizdi. Nə qədər səhvimizi başa düşməyəcəyik, bir o qədər də yerimizdə sayacağıq. Azərbaycan futbolçusunun problemi vuran ayağında yox, düşünən başındadı. Azərbaycan futbolçusunun hədəfi qazanılan titullar yox, cibə dürtülən pullardı…
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp