Bir vaxtlar gənc və prespektivli futbolçular sırasında Vurğun Hüseynovun da adı tez-tez çəkilirdi. Amma zədə səbəbindən 8 ay yaşıl meydanlardan kənarda qalan bu futbolçu indi üzvü olduğu "Sumqayıt"da əsas heyətə belə düşə bilmir.
 
Vaxtilə yığmamızın da şərəfini qorumuş futbolçu futbolinfo.az saytına müsahibəsində bizi maraqlandıran suallara aydınlıq gətirdi.
 
– Premyer Liqanın son dörd turunda əsas heyətə düşə bilməməyinin səbəbi nədi?
– Düzü, bunun səbəbini özüm də bilmirəm. Ola bilsin ki, məşqçi hazırda oynayan müdafiəçilərdən heç kimi əvəz etmək istəmir.
 
– Oynamamağının səbəbini məşqçidən soruşmusan?
– Soruşmamışam. Amma "Qarabağ"la oyundan öncə heyətə düşmədiyimi biləndə Aqil Məmmədova yaxınlaşaraq əvəzedicilərdə oynamaq istədyimi dedim. Məşqçi də bunu normal qəbul etdi. Məncə, bu, oynamamaqdan daha yaxşıdı. Həmin oyunda meydana çıxdım və 90 dəqiqə oynadım.
 
– Bir vaxtlar sənə böyük ümidlər var idi. Hətta milli komandaya da çağrılırdın. Amma indi əvəzedicilərdə oynamaqla kifayətlənirsən…
– Bilirsiz ki, səkkiz ay futboldan uzaq qaldım. Zədəli idim. Əvvəlki formamı bərpa etmək üçün əlimdən gələni edəcəm. Yaşım da çox deyil. Düşünürəm ki, hər şey yaxşı olacaq.
 
– “Sumqayıt” çempionatın autsayderlərindəndi. Formanı bərpa etdikdən sonra daha iddialı kluba keçmək barədə düşünürsənmi?
– İndi əsas məqsədim əvvəlki formaya düşməkdi. Sonra hər şey ola bilər.
 
– Cari çemionatda komandanın uğursuz çıxışını nə ilə əlaqələndirirsən?
– Komandamız cavan futbolçulardan qurulub. Hələ təcrübəsizdi. Ola bilsin ki, uğursuz çıxışımızın səbəbi məhz bununla əlaqədardı.
 
– Samir Abbasov və Alesandr Çertoqanov xeyli yaş və təcrübəyə malik futbolçulardı…
– Hamını nəzərdə tutmuram. Təbii ki, təcrübəli futbolçularımız da var. Amma gənclər daha çoxdu. U-21 və U-19 da oynayan futbolçularımız var.
 
– Yəqin ki, yığmanın son oyunlarını izləmisən. Fikrini bilmək istərdik…
– Halal olsun uşaqlara. Çox əzmkar oyun nümayiş etdirdilər. Şimali İrlandiya ilə oyunu xüsusi qeyd etmək istərdim. Çox gözəl oyun sərgilədilər. Rusiya ilə oyunda da sona qədər mübarizə apardılar.
 
– Foqtsun ölkəmizdə qalması ilə bağlı fikir ayrılığı yaranıb. Sən necə düşünürsən – alman mütəxxəsisi başqası ilə əvəzləməyin vaxtı çatıbmı?
– Foqtsun gəlişi futbolumuzun inkişafına kömək edib. Onun qalıb-qalmamasını isə biz fubolçular həll etmirik.
 
KƏMALƏ İSMAYILOVA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp