Zaqatalanın “Simurq” klubunun sabiq baş məşqçisi Sergey Yuran Rusiya mətbuatına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin sabah keçiriləcək Azərbaycan – Rusiya matçı haqda fikirlərini açqılayıb.
 
– Rusiyalı futbolçular Bakıya qələbə üçün getdiklərini deyir. Sizcə komandanı qane edən heç-heçə futbolçuların fikrində ola bilər?
– Həqiqətən də düşüncələrdə belə fikir olacaq. Bununla heç nə etmək olmaz. Düşünmürəm ki, oyuna köklənə bilməyək. Hamı dərk edir ki, son oyunumuzdur və DÇ-2014-ə 1 addım qalıb. Sadəcə futbolçularımız ağır, sərt oyuna hazır olmalıdır. Azərbaycanlılar yeri “gəmirəcəklər”. Bir az dözmək lazımdır. Braziliyaya səfərədək cəmi 90 dəqiqəmiz qalıb. Uduzacağımızı düşünmürəm.
 
– Bakıdakı heç-heçə azarkeşləri qane edəcək?
– Bilirsiz, mən oyuna məşqçi kimi baxacam. Hər məşqçi üçün də vacib olan qarşıya qoyulan məqsədə çatmaqdır. Heç-heçə bizə 1-ci olmaq və Braziliyaya yollanmaq imkanı verəcək. Yekun nəticə hər şeydən öndədir.
 
– Belə çıxır ki, Azərbaycanda 1 xal qazanmağımıza üzülməyəcəksiz?
– Əlbəttə. Belə vəziyyətdə heç-heçə “iy vermir”. Qrupda 1-ci olub Portuqaliyadan öndə qərarlaşmaqla, Braziliyaya gediriksə niyə üzülməliyik? Heç-heçə olacağı halda güclü olmayan rəqibi uda bilmədiyi üçün millini tənqid edənləri başa düşməyəcəyəm. Bunlar nəyə lazımdır? Mənim üçün indi vacib olan nəticədir, gözəl oyun yox.
 
– Şimali İrlandiya ilə qələbə üçün verilən mükafat meydan sahibləri üçün ciddi stimul olacaq?
– Azərbaycanlıların motivasiyası çox yüksək olacaq. “Böyük qardaş”ı udmaq həmişə fəxrdir. Rusiya sabiq sovet respublikaları üçün böyük qıcıq mənbəyidir. Yüksək mükafatı da unutmayaq. Bu da tutarlı amildir.
 
– Çoxları hesab edir ki, Azərbaycan yığmasının ən böyük təhlükəsi baş məşqçi Berti Foqtsdur…
– Alman mütəxəssis bu komandaya praqmatik üslub aşılayır. Qarşıdakı matçdakı rəqibimiz qapalı futbol oynayacaq. Onlar standart vəziyyətlərə və əks-hücumlara üstünlük verəcək. Foqts mərkəzi dolduracaq. Biz isə yaxşı ifaçılarımızın olduğu cinahlarda daha fəal olmalıyıq. Bir sözlə isə bizə qarşı çox yaxşı qurulmuş komanda oynayacaq.
 
– Azərbaycan yığmasında kimisə digərlərindən fərqləndirə bilərsiz?
– Deməzdim ki, kimsə fərqlənir. Parlaq fərdləri olmayan bərabər səviyyəli oyunçulardan qurulmuş komandadır. Foqtsun rəhbərliyi altında 11 oyunçunun hamısı müdafiədə də çalışır. Hansısa lider görmürəm. Şimali İrlandiya və Rusiya ilə oyunlar arasında paralellər aparmaq olmaz. Azərbaycanlılar bizim əvvəlki rəqibdən daha səviyyəli olduğumuzu nəzərə alıb matça fərqli hazırlaşacaq, başqa taktika seçəcək.
 
– Proqnoz verə bilərsiniz?
– Mənə elə gəlir ki, 1 top fərqi ilə qalib gələcəyik. 1:0 və ya 2:1 olacaq. Azərbaycanda oynamaq həmişə çətindi. Azarkeşlər tərəfindən meydan sahiblərinin dəstəyi tam təmin olunacaq.
Shares: