Türkiyə PTT 1-ci Liqasında çıxış edən “Dənizlispor”un azərbaycanlı futbolçusu Saşa Yunisoğlunun futbolinfo.az saytına müsahibəsi…
 
– “Mersin İdmanyurdu”na qarşı oyunda zədələnmişdiz. Hazırda vəziyyətiniz necədi?
– Həkim müayinəsindən sonra bilinəcək. Ancaq hazırda özümü yaxşı hiss edirəm, elə çox ağrı yoxdu.
 
– “Mersin İdmanyurdu”na qarşı oyun necə keçdi?
– Oyun ağır keçdi. Bunu əvvəlcədən bilirdik və buna hazırlaşmışdıq. “Mersin İdmanyurdu” liqanın 3-4 ən güclü komandalarından biridi. Amma biz onlara qarşı yaxşı mübarizə apardıq, sona kimi vuruşduq. Bizdə istək onlardan daha çox idi. Düşünürəm ki, layiqli qələbə qazandıq.
 
– Komandanızda bu mövsüm ciddi problemlər var. Prezident, baş məşqçi getdi. Yeni rəhbərlik, məşqçi heyəti gəlib. Hazırda komandada vəziyyət nə yerdədi?
– Son iki oyun uğurlu oldu. Lideri səfərdə udduq, ondan öncə bir heç-heçə oynadıq. Bizim işlərimiz düzəlməkdədi. Dünən seçkilər də oldu və artıq klubun yeni prezidenti var. İnanırıq ki, bundan sonra bizim bütün problemlərimiz düzələcək. İnşallah, “Dənizlispor” liqada öz layiqli yerini tutacaq. Çünki komandanın potensialı çox böyükdü.
 
– Bu komandada xoşbəxtsiz? Ümumiyyətlə, legioner həyatı ilə Azərbaycanda keçən karyeranızı necə müqayisə edə bilərsiz?
– “Dənizlispor”da məni hər şey qane edir. Təbii ki, maddi problemləri çıxmaq şərti ilə (gülür). Futbolçunun karyerası elədi ki, bu gün bu klubdasan, sabah başqa. Gələcəkdə nə olacaq, qabaqcadan demək olmur. Azərbaycanda da çox xoşbəxt idim. “Qəbələ”, “Bakı” və “Neftçi” kimi gözəl komandalarda oynamışam.
 
– Azərbaycana qayıtmaq barədə düşünmürsüz?
– Yenə deyirəm, futbolçunun işini bilmək olmur və öncədən nəsə demək olmaz. Hələ ki, “Dənizlispor”da hər şey məni qane edir.
 
– Orada klubların maliyyə imkanları bizdəkindən də aşağıdı?
– Burada da klubdan asılıdı. Yüksək və az büdcəsi olan klublar var. Amma demək olar ki, maddi imkanlar eynidi.
 
– Ölkə xaricində çıxış edən futbolçularımız barmaqla sayılacaq qədərdi. Gedənlər də uzaq başı Türkiyənin aşağı liqa komandalarına gedir. Sizcə, bunun səəbi nədi?
– Çünki Azərbaycanda futbol üçün hər bir şərait yaradılıb. Hər bir adam evi atıb xaricə getmək istəmir. Amma Türkiyə bizim qardaş ölkədi, burada azərbaycanlı futbolçu legioner sayılmır, həm də mentalitetimiz demək olar ki, eynidi. Başqa ölkələrdə azərbaycanlı futbolçu həm legioner sayılır , həm də bizim futbolun reytinqi aşağı səviyyədədi. Ona görə, yaxşı klublar daha çox braziliyalı və argentinalı futbolçulara üstünlük verirlər.
 
– Milliyə çağırılmamağınızın səbəbini nədə görürsüz?
– Milli komanda hər bir futbolçu üçün çox böyük arzu və karyerasının pik nöqtələrindən biridi. Millidə oynamaq böyük şərəfdi. Mən millidə çox oynamışam və yenə də oynamaq arzusundayam. Amma niyə kənarda qalmışam, deyə bilmərəm. Onu baş məşqçi daha yaxşı bilir. Yəqin ki, belə məsləhət görür. Əsas odu ki, millimiz həmişə yaxşı nəticə göstərsin və azarkeşləri sevindirsin.
 
– Millimizin son oyunları haqda fikirləriniz…
– Millimiz son oyunlarda çox yaxşı nəticə qazandı. Mən əmin idim ki, yığmamız Şimali İrlandiyanı udub, Rusiyadan xal alacaq. Uşaqlar əzmkarlıq, istək götərdilər və Azərbaycan xalqını sevindirə bildilər. Mən hər kəsi təbrik edirəm. Komandamız yaxşı, intizamlı, taktiki cəhətdən ağıllı futbol oynadı.
 
– Sizcə, Berti Foqts getməlidi, yoxsa qalmalı?
– Baş məşqçinin kimliyindən asılı olmayaraq, əsas odu ki, millimiz inkişaf etsin. Əgər Foqtsun gəldiyi gündən indiyə qədərki vaxta baxsaq, görünür ki, inkişaf var. Həm hər mərhələdə daha çox xal toplayırıq, həm də oyunlar yaxşı mənada dəyişir. Artıq oyunlarda əsasən müdafiədə nizam-intizam var. Bu, çox vacib amildi. Məncə, Foqts qalsa, pis olmaz. Oyunçular da onun qalmasını istəyirlər. Amma onun qalıb-qalmayacağına AFFA rəhbərliyi qərar verəcək.
 
RÖYA KƏRİMLİ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp