“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rusiya oyunu ilə bağlı fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, o, öncə mükafatlar barədə danışıb:
“Mən “Neftçi”nin oyunçuları barədə qətiyyətlə deyə bilərəm ki, onlar mükafat barədə yox, ilk olaraq Azərbaycanın himni, bayrağı haqda düşünürlər. Mətbuatda səslənən rəqəmlər məncə çox şişirdilib. Futbolçular vətənləri üçün oynayacaqlar, pul üçün yox. Sözsüz ki, hər bir komandaya qarşıya qoyulmuş məqsədə çatdıqda hər hansı mükafat təyin edilir. Rusiya yığması da yerinə yetirilmiş vəzifəyə görə mükafat alacaq. Bu, ümumdünya təcrübəsidi. Amma məncə, indi pullar haqda yox, futbolçuların Çərşənbə axşamı göstərəcəkləri oyunun keyfiyyəti barədə danışmaq lazımdı. Təbii ki, istəyirik ki, yığmamız qələbə qazansın. Digər tərəfdən, biz uzun müddət bir bayraq altında çıxış etmişik, böyük bir ölkənin vətəndaşları olmuşuq və şəxsən mən Rusiya yığmasının qrup birincisi kimi dünya çempionatına çıxmasını istəyirəm. Yeri gəlmişkən, mükafatlara gəlincə, Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov mətbuatda fikrini düzgün bildirib. O deyib ki, milyonlar versələr də, əgər o, səviyyəli oynaya bilməsə, pullar kömək etməyəcək”.
 
“Ümumiyyətlə Azərbaycanda Rusiyaya hörmətli münasibət var. Bizim bir çox həmvətənlərimiz Rusiyada yaşayır, işləyirlər. Sizi əmin edirəm ki, məhz mətbuatdakı informasiya oyun öncəsi gərginlik yaradır və bunun heç bir tutarlı əsası yoxdur. Tamaşaçılar stadiona gələcəklər və Azərbaycan yığması ilə bərabər gözlə oyuna azarkeşlik edəcəklər. Mən əminəm ki, Rusiya ya Portuqaliyanın dünya çempionatında iştirakı ilə bağlı sorğu keçirilsə, 90 faiz azarkeş Rusiyaya səs verərlər”.
Shares: