Azərbaycan Superkubokunun oyunu Naxçıvanda keçirilirdi. Peşəkar Futbol Liqası da qələm əhlini oyunu işıqlandırması üçün Muxtar Respublikaya apardı.

Naxçıvan blokadadı, Naxçıvanda ciddi qayda-qanun var, Naxçıvan küçələri tər-təmizdi. Bunları çox eşitmişdim, sadəcə, eşitmişdim. Nə getmişdim, nə də görmüşdüm. Kimlərdənsə eşitdiklərimin nə dərəcədə düzgün olduğunu isə bilmirdim. Amma getdim, gördüm, gəldim…

Oktyabrın 23-ü saat səhər 9:00-da təyyarə Heydər Əliyev adına hava limanından Naxçıvana uçmalıydı. Bir neçə həmkarımla hava limanının gözləmə zalına daxil olanda jurnalistlərin bir arada çay içərək söhbət etdiyini gördüm. Hər kəs uçuş vaxtını gözləyirdi. Səhər 9-da uçmalı olsaq da, sərnişini olduğumuz "Boinq-757" təyyarəsi yük doldurma ilə əlaqədar 20 dəqiqə gec havalandı. Bir neçə dəqiqədən sonra yuxarıdan ovuc boyda görsənən Bakını tərk etdik. 1 saatdan sonra Naxçıvana çatan jurnalistləri Peşəkar Futbol Liqasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev qarşıladı.

İlk öncə qələm əhli mikroavtobuslarla Duzdağ Fizioterapiya mərkəzinə yolda düşdü. Yol boyu yollarda problemin olmaması diqqətimi çəkdi. Axı Bakıda hər 10 metrdən bir olan çuxurlara öyrənmişik. 15-20 dəqiqəlik yoldan sonra Duzdağ deyilən yerə çatdıq. Bura müalicə mərkəzi idi, hər tərəf duzlrla əhatə olunmuşdu və özünəməxsus qoxusu vardı.  Oradakı vəziyyətlə tanış olan media nümayəndələri xatirə şəkilləri çəkdirərək nahar etmək üçün "Nəqşicahan" restoranına yola düşdü. Aclığını öldürdükdən sonra jurnalistlər stadiona aparıldı. Oyundan əvvəl və oyun zamanı stadionda xidməti geyimli polis əməkdaşlarının olmaması məni çox təccübləndirdi. Axı, Bakıda azarkeşdən çox polisin olduğu stadiona getməyə öyrənmişik.

Gərgin keçən oyun başa çatdı, kubok təqdim olundu. Maraqlıdı ki, mətbuat konfransına getmək üçün birinci dəfə idi ki, maşın yolunu keçməyə məcbur olurdum. Mənim kimi Toşak da ilk dəfə belə bir vəziyyətlə qarşılaşdığını bildirdi. Baş məşqçiləri də yola saldıqdan sonra getmək sırası bizə gəldi. Lakin Bakıya qayıtmazdan əvvəl qələm əhli şam yeməyi üçün yenə "Nəqşicahan"a üz tutdu. Restorana çatanda "Xəzər Lənkəran"ı da orada görməyimə təəccülənmədim. Daha sonra "Neftçi" gəldi. Çünki PFL nümayəndələri, "Neftçi" və "Xəzər Lənkəran" birgə şam etmək üçün bir araya gəlmişdi. Futbolçuların ayrı komanda şəklində deyil, bir stol ətrfənda əyləşib yemək yeməsi əsl dostluğa sübut idi. Və nəhayət, Naxçıvanda şam yeməyi başa çatdı. Artıq "tərpənmək" vaxtı idi. Təyyarəyə gecikmək olmazdı.

Beləliklə, mətbuat nümayəndələri və Lənkəran təmsilçisi Naxçıvan hava limanına yollandı. "Neftçi" isə saat 02:00-da yola düşməli idi. Sərniinlər hava limanından təyyarəyə doluşduqdan sonra Bakıya üz tutduq. Təxminən bir saatlıq uçuşdan sonra "hava gəmisi" Heydər Əliyev adına hava limanına endi. Biz sakit çıxsaq da, cənublu azarkeşlər komandalarını sakit buraxmadı. Axşam saat 10-nu keçsə də, azarkeşlər komandaları dəstəkləmək üçün hava limanına gəlmişdi. Çıxış qapısında gözləyən tərəfdarlar komandalarını müxtəlif şüarlarla dəstəkləyib, kubokun dadını çıxardılar. Daha sonra komanda azarkeşlərlə sevinc yaşarkən klub prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov avtomobilə minərək gözdən itdilər.

RÖVŞƏN ƏHLİMANOĞLU

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp