Sabah Topaz Premyer Liqasının 11-ci turuna start veriləcək. Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Bu qarşılaşmalardan biri Bakıda, digəri isə Qəbələdə reallaşacaq.

Qəbələdə keçiriləcək matçda bölgənin eyniadlı komandası "Sumqayıt"ı sınağa çəkəcək. Yuri Syominin yetirmələri "Gənclik şəhəri" təmsilçisini məğlub edərsə, müvəqqəti olaraq turnir cədvəlinin qızıl pilləsini ələ keçirəcək. Hazırda 19 xalla 3-cü pillədə qərarlaşan "Qəbələ"ni liderdən cəmi 2 xal ayırır. "Sumqayıt" da isə vəziyyət daha gərgindi. Sonuncu pillədə məskən salan Aqil Məmmədovun komandasına autsayderlikdən çıxmaq üçün mütləq xal lazımdı.

Digər oyun isə "Bayıl Arena"da baş tutacaq və "Rəvan" "Bakı" ilə münasibətlərinə aydınlıq gətirəcək. Debüt oyununu "Neftçi"yə qarşı keçirən və siftəsi korlanan Şahin Diniyevin bu oyunda da uğursuzluğa düçar olmaq ehtimalı var. Diniyevin komandası xal qazanacağı təqdirdə autsayder "Sumqayıt"la fərqi artıraraq rahat nəfəs ala biləcək. "Bakı" isə Bayıla böyük ümidlərlə gələcək. Mario Rubio və Kamran Ağayevsiz paytaxt təmsilçisi qələbə qazanmq üçün meydana çıxacaq. Ötən tur doğma meydanda AZAL-la bir xala razılaşan Pantiçin yetirmələri Bayıldan qələbə ilə qayıdarsa, dördüncü pilləyə yüksələcək.

Qeyd edək ki, hər iki oyunda maraqlı nüans var. Belə ki, Bakıda və Qəbələdə keçiriləcək matçlarda yerli məşqçilər əcnəbi məşqçilərə qarşı mübarizə aparacaq.

Topaz Premyer Liqası

 XI tur
25 oktyabr (cümə)

 

“Qəbələ” – “Sumqayıt”
 AFFA nümayəndəsi: Adil Nadirov
 Hakim-inspektor: Səfər Haşımov
 Qəbələ şəhər stadionu, 15:00

“Rəvan” – “Bakı”
 AFFA nümayəndəsi: Oqtay Abdullayev
 Hakim-inspektor: Məhəmməd Məmmədov
 “Bayıl Arena” stadionu, 18:00

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp