"Simurq"un müdafiəçisi Ruslan Poladovun futbolinfo.az saytına müsahibəsi
 
– 2013-ci ili "Simurq" üçün necə dəyərləndirərdiz?
– Uğurlu il demək olar. Ötən mövsüm pis nəticə göstərmədik. Cari mövsümə nəzər yetirdikdə, bir çox oyunlarımızı öz meydanımızda keçirməsək də, yaxşı oynadıq. Mövsümə pis başlamamışdıq. Sonra bir neçə oyunda büdrədik. Azarkeşlərin yanında oynamamaq komandaya mənfi təsir edirdi.
 
– Sonuncu oyunda “Rəvan”a qalib gəldiniz. Komandanın istirahətə yollanacağı bir məqamda bu qələbə necə təsir etdi?
– Bu, komandaya əlavə motivasiya verdi. Son oyunlarda qazanılan qələbələr bizim potensialımızı göstərir. Lakin biz bunlarla kifayətlənməyərək, gələn ildən daha da yaxşı oynamağa çalışacağıq.
 
– Mövsümün əvvəlində hədəfinizin avrokuboklar olduğunu bildirmişdiniz. İndi isə kubok yoxdu, komanda 6-cı yerdədi…
– Məncə, avrokuboklara vəsiqə qazana bilərik. Nəzərə alsaq ki, çempionat 4 dövrədi və xal fərqimiz da çox deyil, Avropa Liqası üçün yox, hətta çempionluğa da oynamaq olar. Əsas odu ki, komanda bu fasilədə necə hazırlaşacaq.
 
– Bu ilin sonunda Zaqatala klubu ilə müqaviləniz başa çatır. Gələcək planlarınızı qurmusuz?
– Hələ gələcək planlarımı qurmamışam. Mən işin gedişatına görə planlaşdırma aparıram. Futbolçu kimi karyeramı davam etdirmək istəyirəm. "Simurq"  və ya başqa klub mənimlə maraqlanarsa, oynamaq gücünü özümdə hiss edirəm.
 
– Artıq fasilədi… Başqa klublardan təkliflər var?
– Maraqlananlar olubsa, mənim bu haqda danışmağım düzgün deyil. Müqaviləm bitəndən sonra nələr olacaq, onu zaman göstərər.
 
– Ruslan üçün futbol nə deməkdi? Sadəcə gəlir mənbəyi, yoxsa…
– Ruslan Poladovu yaxından tanıyanlar bilir ki, o futbolla nəfəs alır. Əgər gəlir mənbəyi kimi baxsaydım, bu yaşımda futboldan uzaqlaşmış olardım. Gələcəkdə karyeramı məşqçi kimi davam etdirmək istəyirəm.
 
– Futboldan başqa hansı sahəyə həvəsiniz var?
– Düşündüyüm başqa bir iş yoxdu, fikirləşməmişəm. Ancaq özümü futbola bağlamışam. Bacardığım çox iş olsa da, futboldan başqa sahədə çalışa bilmərəm.
 
– Ən çox sevdiyiniz xarici futbolçu və qapıçı kimdi?
– Messi və Buffon deyərdim.
 
– Yerlilərdən kimi fərqləndirərdiz?
– Hazırda Azərbaycanda ən güclü futbolçu kimi Rəşad Sadıqovla qapıçı Kamran Ağayevi deyərdim.
 
– Bəs baş məşqçi?
– Obirilər məndən inciməsin, amma Ağasəlim Mircavadov.
 
– Bəyənmədiklərinizi də deyə bilərsiz?
– Elə şeyi demərəm.
 
– Sizcə, ən çox tənqid edilməli klubumuz hansıdı?
– Tənqid etmək mənə düşməz. Bunun üçün futbol mütəxəssisləri, jurnalistlər var. Problemsiz klub yoxdu, amma tənqid etmək mənim işim deyil.
 
– Hansı bayramları daha çox sevirsiz?
– Bütün bayramları sevirəm, amma Novruz bayramını xüsusi fərqləndirərdim.
 
– Yeni ilə necə hazırlaşmısız?
– Sözün açığı Yeni il mənim üçün adi bayramlardandı. Dini cəhətdən götürsək, peyğəmbərimizin vəfatı günü olduğu üçün qeyd etmirik.
 
– Ruslan üçün geridə qalan il necə keçdi?
– Bu il mənim üçün kədərli oldu. Çünki anamı itirdim.
 
– Sonda həmkarlarınıza nə deyərdiz?
– Onlara irəli getməyi arzulayıram. Azərbaycanda yox, Avropada qabağa getmələrini istəyirəm.
 
– Oxucularımıza nə deyə bilərsiz?
– Çoxları Azərbaycan futbolunun gələcəyinə inanmır. Onlara səbrli olmalarını azu edirəm.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp