Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rusiya oyunu ilə bağlı fikirlərini bildirib. Futbolinfo.az təcrübəli mütəxəssisin həmin müsahibəsi ilə sizi də tanış edir. 

– Rusiya ilə oyundan nə gözləyirsiz?
– Yığmaların istənilən görüşü əsl bayramdı. Buna görə Çərşənbə axşamı maraqlı olacaq. Sizin komandanız Avropada ən güclülərdəndi və əbəs deyil ki, qrupun lideridi. Belə rəqibləri evdə qəbul etmək xoşdu. Rusiya dünya çempionatına çıxışını 99 faiz təmin edib. Ancaq Portuqaliyanın bir faizi qalıb. Belə vəziyyət qarşıdakı oyunu yoldaşlıq oyununa bərabər etməyə əsas vermir. Hər bir tərəf özünün qalib gələcəyi barədə kifayət qədər səbəb gətirə bilər. 

– Müsbət halda Azərbaycan dördüncü pilləni saxlayacaq və Şimali İrlandiya ilə Lüksemburqu qabaqlayacaq. Bu, belə vacibdi?

– Bizim qarşımızda konkret hər hansı yeri tutmaq vəzifəsi qoyulmayıb. Mən məqsədləri bir qədər fərqli qurardım: gözəl futbol göstərmək, FIFA və UEFA reytinqində çoxlu xallar yığmaq. Bu siyahılarda öz mövqelərimizi yüksəltməyi çox istəyirik. İnanın ki, Azərbaycan yığması hər oyunda qələbə üçün maksimum səy göstərir. Əgər oyunçuların köklənməsi, arzusu yoxsa, meydana çıxmaq nəyə gərək? Hər şeyin həmişə yaxşı alınmaması isə başqa məsələdi. 

– Çərşənbə axşamı hansı amillər ön plana keçəcək?

– Həmişəki kimi: komandadaxili anlaşıq, şəxsi ustalıq və uğur. Kim daha yaxşı köklənsə, əlavə üstünlük qazanacaq. Yığmaların liderlərinin hansı fiziki və emosional vəziyyətdə meydana çıxmasını da anlamaq lazımdı. İdmanda çox şeyi tez-tez xırdalıqlar həll edir. Hətta oyun günü futbolçunun hansı əhvalda yuxudan oyanması həlledici təsir göstərə bilər. 

– Rusiya Azərbaycan üçün xüsusi rəqibdir?

– Əlbəttə. Tamaşaçı marağı nöqteyi-nəzərindən komandanız Şimali İrlandiya və hətta Portuqaliyadan fərqlənir. Stadionda anşlaq olacaq. Təkrar edirəm: mən səmimiyyətlə Rusiya yığmasını nəinki Avropanın, dünyanın ən güclü yığmalarından hesab edirəm. 

– Yüz min manat, qələbə təqdirində guya sizin komandanın hər bir üzvünə vəd edilmiş məbləğdi – bu düzdür?

– Hoqqabazlıqdı. Kimdə dezinformasiya yayıb və kimsə də bunu sevinclə yayır. Biz pul üçün deyil, Vətənimiz, nüfuzumuz üçün oynayırıq. Əgər Azərbaycan qalib gəlsə, oyunçular mükafatsız qalmayacaq. Ancaq KİV-dəki məbləğ çox şişirdilib və həqiqətdən uzaqdı. 

– Düz dörd il qabaq azərbaycanlılar və ruslar Bakıda sülhlə ayrıldılar – 1:1. Ötən bu illər ərzində yığmalarımız güclənib ya təxminən həmin səviyyədə qalıblar?

– Faktlar sualınızı məndən yaxşı cavablaya bilər. Faktlar belədir: O mərhələdə Rusiya ikinci olmuşdu, bu dəfə isə demək olar, birincidi. Sizin komandanız səviyyəlidi. Oyunçularınız görünür ki, bunu bilir. Bizim futbol inkişaf edir. “Neftçi”nin Avropa Liqasında ötənilki çıxışı təsadüf deyildi. Bu mərhələdə komandamız 8 xal yığıb. Hələ belə hal olmayıb. Hələ Rusiya ilə oyun var… 

– Bu seçmə mərhələ yığmanızın tarixində uğurludur?

– Gəlin Rusiya ilə oyunun nəticəsini gözləyək. Bundan sonra yekunlar barədə danışmaq olar. 

– Rusiya çempionatında çıxış təcrübəsi olan Vaqif Cavadov və Ruslan Abışov yekdilliklə bəyan ediblər ki, Fabio Kapellonun komandasının Bakıda qələbəsi olmayacaq. Hər ikisi Şimali irlandiya ilə oyuna çıxmamışdı…

– Futbolçuların öz gücünə əminliyi aydındır. Ancaq mən çox istərdim ki, futbolçular meydanda danışsınlar, kənarda yox. Bu sözləri işlə sübut etmək lazımdır. 

– Britaniyalılarla görüşdə oyunçulardan razı qaldınız?

– Nəticə özü bunu deyir. Birinci hissədə komandanın problemləri olsa da, ikinci hissədə çox yaxşı oynadı. 

– “Bakcell Arena” ötən Cümə 65 faiz dolmuşdu. Məyussunuz?

– Razı deyiləm. Stadion dolu idi. Deyirsiniz yeddi min gəlmişdi? Boşlayın. Rəsmi rəqəmlər səkkiz min beş yüzü təsdiqləyir. 

– Niyə Azərbaycan yığması daha tutumlu Tofiq Bəhramov adına stadiona getmədi?

– Təəssüf ki, orda meydanla bağlı problemlər var. Yeni meydanın ot örtüyü isə əladı. 

– Nə vaxtsa bizim xalqlarımız Sovet İttifaqı adlı ölkədə yaşayırdılar. Ola bilərmi komandalar təkid etməsinlər və dostluq heç-heçəsi oynasınlar?

– Gəlin siyasətə qarışmayaq. Biz idman haqda danışırıq, idman – sülhdür. Bir-birimizi sevib hörmət etmək lazımdır. Rəqib yox, tərəfdaş olmaq gərəkdir. Bütün bunlarla yanaşı, futbol da istisna deyil. Qalib müəyyən olunmaq düşünülüb. İki qalib isə olmur.

Shares: