Bu gün Topaz Premyer Liqasının 11-ci turunun növbəti oyunu keçiriləcək. Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə yalnız bir qarşılaşma baş tutacaq ki, həmin oyunda paytaxtın iki klubu üz-üzə gələcək.
 
AZAL doğma azarkeşlər önündə "İnter"i sınağa çəkəcək. Çempionluq üçün mübarizə aparmamasına baxmayaraq, "təyyarəçilər"in məğlubiyyət üçün meydana çıxacağını demək olmaz. Mətbuata hər açıqlamasında bütün mövqelərə futbolçu axtardığını bildirən Vaqif Sadıqovun komandası xal qazanacağı təqdirdə turnir cədvəlindəki mövqeyini qoruyacaq. Onun komandası hazırda 15 xalla 4-cü pillədə qərarlaşıb. Bakı derbisində ev sahibi komanda minimum bir xal qazanarsa, növbəti oyunların nəticəsindən asılı olmayaraq öz mövqeyini qoruyacaq.
 
"İnter"in də Şüvəlana yalnız qələbə üçün getdiyini demək olar. Geridə qalan 10 turda istədiyi oyunu göstərə bilməyən Kaxaber Sxadadzenin komandası  3 xal qazanacağı təqdirdə turnir cədvəlindəki mövqeyini biraz daha yaxşılaşdıra bilər. Bir neçə dəfə məğlubiyyətdən sonra jurnalistlər önünə çıxmağa cəsarəti olmayan Kaxanın bu oyundan sonrakı taleyi qaranlıq olaraq qalır. Gürcü mütəxəssisin bir neçə tur öncə məğlubiyyətlər səbəbindən komandadan getmə təhlükəsi ilə üzləşdiyini nəzərə alsaq, "İnter"in səfərdən xalla dönəcəyini demək olar. Hazırda "bankirlər" 10 xalla 8-ci pillədə məskən salıb.
 
Qeyd edək ki, bu mövsüm komandalar artıq bir dəfə qarşılaşıb. "Şəfa" stadionunda baş tutan görüşdə meydan sahibləri Ruslan Əmircənovun qoluna sevinsə də, qonaqlar Viktor İqbekoyinin dublu sayəsində 3 xal qazanmışdılar – 1:2.
 
Topaz Premyer Liqası
11-ci tur
26 oktyabr (şənbə)
 
17:00. AZAL – İnter
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Fazil Mürşüdov
Bakı. “AZAL Arena”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp