Bugün "Bakcell Arena"da "Neftçi"nin yeni baş məşqçisi Nazim Süleymanov ictimaiyyətə təqdim olunub. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar"la iki illik müqavilə imzalayan Süleymanov ilk olaraq öz fikirlərini bildirib:
 
– Dünən böyük bir klubun baş məşqçisi oldum. Buna görə əvvəlcə klub rəhbəri Sadıq Sadıqova təşəkkür edirəm. Böyük tarixə malik klubun baş məşqçisi olmaq böyük məsuliyyətdi. Mən buna görə qürur duyuram. "Neftçi" iddialı komandadı və məqsədləri var. Biz də bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik.
 
Daha sonra yerli mütəxəssis mətbuat nümayəndələrinin suallarını cavablandrıb:
 
– Sadıq Sadıqovla söhbətiniz necə oldu? Qarşınıza hansı hədəflər qoyuldu?
– Hər bir məşqçinin qarşısına müəyyən hədəflər qoyulur. Təbii ki, bu tək Nazim Süleymanovdan deyil, bütün kollektivdən asılıdı. Məqsədimiz "Neftçi"nin əvvəlki nəticələrini təkrarlamaq – çempion olmaq, Avropa Liqasının qrup mərhələsinə düşməkdi.
 
– Bundan sonra köməkçi seçimi necə olacaq? Komandaya başqa köməkçilər cəlb olunacaq?
– "Neftçi"nin məşqçi korpusu istefa verdi. Bu fürsətdən istifadə edib, onlara uğurlar arzulayıram. Qapıçı və fiziki məşqçi hələ ki qalıb. Birinci dövrə başa çatdıqdan sonra bu məsələlərə aydınlıq gələcək. Bu işə qışda baxılacaq.
 
– Avroliqanı qeyd etdiniz, amma "Neftçi"dən Çempionlar Liqasının qrup mərhələsi gözlənilir…
– Əlbəttə, baş məşqçinin arzuları böyükdü. Bunun üçün böyük işlər görmək lazımdı. Bunun üçün hamıda istək olmalıdı. İlk öncə ölkə çempionu olmaq lazımdı. Biz hamımız yaxşı danışıb, məqsəd qoya bilərik. Amma bir şey var ki, bu məqsədlər üçün biz işləyirikmi? Buna görə işləmək və uğur qazanmaq lazımdı.
 
– Təyinat olan günü sizinlə əlaqə saxlasaq da, siz bizi təəccübləndirərək "belə bir şey ilk dəfə eşidirəm" demişdiniz. İki ay öncə sizə təklif gəlmişdi?
– Əgər klubda baş məşqçi, məşqçi varsa, o məşqçinin arxasından bu fikirləri demək olmaz. Gəlin özümüzü avropalı kimi aparaq. Sizin dediyiniz kimi təklif gələ bilər. Onu da qeyd edim ki, mənə təkcə "Neftçi"dən təklif gəlməmişdi. Lənkərana gələndə məni də işləməyə qoymadılar.
 
– Siz müsahibələrinizin birində o vaxt futbolçu olarkən "Neftçi"dən inciyərək ayrıldığınızı bildirmişdiz. İndi o inciklik qalıb?
– Klub qalır, rəhbərlik isə dəyişir. Klubdan incimək olmaz, şəxslərdən incimək olar. Ona görə deyə bilərəm ki, heç bir inciklik yoxdu.
 
– Siz çempionluğa necə nail olmaq istəyirsiniz, yəni oyun fəlsəfəniz necə olacaq?
– Gəlin bunu deməyə tələsməyək. Hazırda "Neftçi"nin necə oynadığını görürsüz. Amma mən istəyərdim ki, Neftçi daha sürətli oynasın.
 
– Tərlan Əhmədovun bəlkə də işləyə bilməməsinin səbəbi başının üstündə Böyükağa Hacıyevin durmasıdı. Sizə necə təsir edəcək bu?
– Mən bu haqda heç nə deyə bilmərəm. Çünki işin içində deyiləm. Bunu bir müddət sonra cavablandırmaq olar. Ən azından işin içində olandan sonra hansısa bir fikir bildirmək olar.
 
– Heyətdə dəyişiklik olacaqmı?
– Bu məsələdə tələsməyək. Mən dünən birinci məşqə çıxdım və ilk məşqlə bağlı öz fikirlərim var. Hansı futbolçunun hansı mövqedə oynamasını isə gələcəkdə görəcəyik.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp