Bu gün keçiriləcək iki oyunla Topaz Premyer Liqasının 11-ci turuna yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, Bakıda və Lənkəranda keçiriləcək oyunlar müxtəlif saatlarda baş tutacaq.
 
Zaqatalanın "Simurq" klubu "Şəfa" stadionunda "Neftçi"ni sınağa çəkəcək. Zaqatala stadionun təmirdə olması ilə əlaqədar George Çixradzenin komandası Bakıdakı oyunda ev sahibi qismində çıxış edəcək. Hazırda 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "Simurq" zədəli və cəzalı futbolçuların çoxluğundan əziyyət çəkir. Belə ki, heyətdə qırmızı vərəqə cəzalıları Draqan Çeran, İlkin Qırtımov və İdan Vaytsman, sarı vərəqə limiti dolan Rəşad Eyyubovla yanaşı, zədəli Rövşən Əmiraslanov da bu görüşdə forma geyinə bilməyəcək. Gürcü mütəxəssisi sevindirən tək amil ötən tur oyun öncəsi məşqdə damarını dartan Dilaver Zrnanoviçin "Neftçi" ilə oyunda komandasına kömək edə bilməsidi.
 
Paytaxt təmsilçisi isə oyuna yeni baş məşqçisi ilə çıxacaq. Nazim Süleymanovla iki illik əməkdaşlığa başlayan "ağ-qaralar" onun debütünü korlamamaq və yenidən tunir cədvəlinin ilk pilləsinə yüksəlmək üçün qələbə qazanmağa çalışacaq. Komandalar arasında Premyer Liqanın 3-cü turunda keçirilən ilk görüş Bakı klubunun minimal hesablı qələbəsi ilə yekunlaşmışdı.
 
Turun mərkəzi oyunu isə Lənkəranda baş tutacaq. "Xəzər Lənkəran" doğma azarkeşləri önündə "Qarabağ"ı qəbul edəcək. Super Kuboku qazanaraq geridönüşünü sübut etmək istəyən cənubluların əzmkar oyun göstərəcəyi gözlənilir. Con Toşakın komandası qazanılacaq 3 xal sayəsində AZAL və "Bakı"nı qabaqlayaraq 4-cü pilləyə yüksələcək. Cümə günündən Lənkərana səfər edən Ağdam təmsilçisinin heyətində yalnız Qara Qarayev zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Cari mövsümdə bu komandalar arasında keçirilən qarşılaşmada Qurban Qurbanovun yetirmələri 2 cavabsız topla qalib gəlmişdilər.
 
Topaz Premyer Liqası
11-ci tur
27 oktyabr (bazar)
 
18:00. Simurq – Neftçi
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, İnqilab Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Şəfa” stadionu.
 
19:00. Xəzər Lənkəran – Qarabağ
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Lənkəran şəhər stadionu.
 
Turun digər oyunlarında qeydə alınan nəticələr: Qəbələ – Sumqayıt – 2:0, Rəvan – Bakı – 0:0, AZAL – İnter – 0:2.
 
1 Qəbələ 11 7 1 3 17 9 +8 22
2 Qarabağ 10 6 3 1 17 4 +13 21
3 Neftçi 10 6 3 1 14 7 +7 21
4 AZAL 11 4 3 4 11 15 –4 15
5 Bakı 11 4 3 4 18 12 +6 15
6 İnter 11 4 1 6 18 16 +2 13
7 Simurq 10 3 4 3 9 9 0 13
8 XL 10 3 4 3 9 10 –1 13
9 Rəvan 11 1 4 6 5 21 –16 7
10 Sumqayıt 11 1 2 8 5 20 –15 5
 
Bombardirlər:
5 – Mindauqas Kalonas (Bakı)
4 – Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran), Əfran İsmayılov (Bakı), Bahodir Nəsimov (Neftçi).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp