“İnter”in hücumçusu Vaqif Cavadovun futbolinfo.az saytına müsahibəsi
 
– Əvvəlcə dünən keçirilən AZAL-la qarşılaşma haqda fikirlərinizi öyrənək…
– Yaxşı oyun oldu. Biz də yaxşı oyun nümayiş etdirdik. Səbəbini bilmirəm, amma deyə bilərəm ki, AZAL dünən futbol oynamadı. Meydança da yaxşı vəziyyətdə deyildi. Oynadıq və qələbə qazandıq. Mövsümün sonuna qədər bu cür davam etsək, yaxşı olar.
 
– Milli komandanın üzvü kimi son oyunları necə dəyərləndirərdiniz?
– Son oyunlar göz qabağındadı. Ümumilikdə, belə bir nəticəmiz olmayıb. Rusiyaya səfərdə məğlub olmağımız bizə xal qazandırmadı, amma qələbə qazanmaq da olardı. Düşünürəm ki, ümumiikdə yaxşı nəticə göstərdik.
 
– 4 il əvvəl də Rusiyanın qapısına bərabərlik topunu vurmuşduz…
– Bu, Allahın qismətidi ki, bərabərlik qolunu vurmaq yenə də mənə nəsib oldu. Əsas odu ki, vurduğum bu qol komandamın işinə yaradı.
 
– Artıq Berti Foqtsun müqavilə müddəti bitmək üzrədi. Sizin fikrinizcə, alman qalsa yaxşı olar, yoxsa getsə?
– Ona biz yox, AFFA rəhbərliyi qərar verəcək. Mənim fikrimcə, Foqtsun əvəzinə hər hansı əcnəbi məşqçi gələcəksə, o zaman özü qalsa, daha yaxşı olar. Biz futbolçular da istəyirik ki, o qalsın.
 
– Millidə birgə işlədiyiniz məşqçi indi rəqib "Neftçi"nin baş məşqçisi olub…
– Nazim Süleymanovun “Neftçi”nin baş məşqçisi təyin olunmasını xəbərini eşidəndə çox sevindim. Ona uğurlar arzulayıram. Artıq neçənci dəfədi ki, millinin məşqçiləri klublara baş məşqçi kimi gedir. İstəyərdim ki, hamısı uğur qazansın. Yenidən Nazim müəllimlə meydanda qarşılaşacağıq. Güclü olan qələbə qazansın.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp