Bu gün futbol üzrə Azərbaycan 1-ci Divizionda keçirilməli olan "Turan-T" – "Bakılı" matçı Tovuz futbolçuları tərəfindən boykot edilib. Futbolinfo.az xəbər verir ki, buna səbəb rəhbərliyin oyunçulara aylardı yığılıb qalan borcunu ödəməməsidi.
 
Adının çəkilməsini istəməyən komanda üzvlərindən birinin saytımıza açıqlamasına görə, məhz bu üzdən onlar “Bakılı” ilə oyunda meydana çıxmaqdan imtina ediblər: “Mən cəmi iki aydı bu komandadayam. Hələ pul almamışam. Amma məndən öncə burada olanlar var ki, 3-4 aydı maaş üzü görmür. Rəhbərlik isə verdiyi vədləri yerinə yetirmək istəmir. Ona görə biz də “Bakılı” ilə oyunda meydana çıxmamağa qərar verdik. Artıq futbolçuların hamısı öz evlərinə dağılışıb. Bundan sonrası necə olacaq, bilmirik”.
 
Qeyd edək ki, “Turan-T” rəhbərliyi futbolçuların tələbini yerinə yetirməsə, komanda üzvləri çətin ki, bu görüşdə meydana çıxsınlar. Əldə etdiyimiz son məlumata görə, klub başbilənləri bu vəziyyətdən çıxış yolunu aşağı yaş qruplarından olan oyunçuların xidmətindən yararlanmaqda görüblər. Böyük ehtimalla məhz gənc və yeniyetmə futbolçuların sayəsində bu qarşılaşma baş tutacaq.
 
“Turan-T” – “Bakılı” matçı saat 15:00-da Tovuz şəhər stadionunda start götürməlidi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp