Əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı indi Sumqayıtın olduğu yerdən keçir. Onların su ehtiyatı qurtarır. Susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək Ceyranı lap taqətdən salır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:
 
– Sən burda məni gözlə, ya ölərəm, ya da sənə su taparam!
Sum karvandan aralanıb gedir. Lakin sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır:
– Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!
 
Sumqayıtı təmsil edən komandanın adını «Sumqayıt» qoyanların şəhərin adının yaranması ilə bağlı bu əfsanədən xəbərləri varmı-yoxmu, bilmirəm. Amma onu bilirəm ki, bütün Sumqayıt əhli yığışıb bir ağızdan «Sumqayıt» qışqırsalar da, xeyri yoxdu. «Sumqayıt» Ramin Musayevin allı-güllü çempionatının ən axrıncı yerində – «zirzəmi»dədi və oradan qayıtmaq fikri yoxdu.
 
Yaxşı yadımdadı, komanda təzəlikcə yaradılanda rəhbərlik demişdi ki, əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. Ancaq klubun prezidenti Kamran Quliyev başda olmaqla ətrafı «Sumqayıt»da bu neçə ildə yaxşıca pullar, canım sənə desin, «Xəzər Lənkəran» superkuboku, «Neftçi» bir neçə dəfə çempionluğu, neçə-neçə rəhmətlik cənnətə bileti, uzaq Hindistanda Rakab adlı yetim uşaq «Bollivud» filmlərində çəkilmək üçün şans qazandı, sumqayıtlılar avrokuboklara vəsiqə qazana bilmədilər. «Niyə qazana bilmədilər» – bax, bu suala «Sumqayıt»ın qeyri-rəsmi fəxri prezidenti (yaxşı ifadədi) Elxan Məmmədovla Kamran Quliyev cavab verə bilər. Ki, onları görsəz, salamımı çatdırın…
 
Bir müddət əvvəl Kamran Quliyev «Sumqayıt»ın büdcəsini açıqlamışdı. Quliyev demişdi ki, rəhbərlik etdiyi klubun illik büdcəsi 1,5 milyon manatdı. Azdı? «Xəzər Lənkəran»ın, «Nettçi»nin, «Bakı»nın büdcəsinin yanında 1,5 rəqəmi yetim kimi görünə bilər. Amma gəlin görək, bu 1,5 milyon manatlıq büdcəylə «Sumqayıt» nə iş görür?
 
«Gənclik şəhəri»nin komandası illik 1,5 milyon manatlıq büdcəylə bütün rəqibləriylə mübarizədən «qalib ayrılaraq» hər mövsümdə turnir cədvəlində «zirzəmi»ni və «zirzəmi»ətrafı ərazini əldən buraxmır. Bravo! Eşq olsun belə komandaya!
 
Vaxt var idi, Sumqayıtı təmsil edən ciddi-ciddi komandalar olurdu. «Xəzər»dən tutmuş «Gənclərbirliyi»nə kimi. Onların illik büdcəsi heç milyon manata da yaxın düşməzdi. Amma ölkə futbolunda ciddi rəqib kimi qəbul olunurdular. Sumqayıtı təmsil edən bu «Sumqayıt» isə… Ölkə çempionatında vermədiyi komanda qalmır hər mövsümdə – xalları deyirəm.
 
Kamran Quliyevi görəniniz olsa, ondan soruşsun: o avrokuboklar deyirdiz e, onun axırı nə oldu? Hə, bir də zəhmət olmasa, soruşun, görün o vaxt Sum Ceyran üçün su gətirib, ya yox…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp