“Rəvan”ın futbolçusu Aqil Nəbiyevin Futbolinfo.az saytına müsahibəsi…
 
– “Bakı” ilə oyun sizin üçün necə keçdi?
– Oyun gərgin keçdi. Maraqlı oyun oldu. Hər iki komanda mübarizə apardı. Mənə elə gəlir ki, bu oyunda ən ədalətli nəticə elə heç-heçə idi. Amma komandamızda qələbə istəyi çox. Sadəcə, alınmadı. Bu da pis nəticə deyil. Çünki ən azından xal qazandıq. Son dəqiqələrdə qol imkanımız oldu. Təəssüf ki, şans bizim tərəfdə deyildi.
 
– “Neftçi” ilə görüşdə qol vurub üstünlüyünüzü əldən verdiyiniz halda, bu oyunda daha sönük oyun sərgilədiniz…
– Bəli, “Neftçi” ilə oyunda ilk hissədə istək vardı. Ancaq ikinci hissədə fiziki cəhətdən çatdıra bilmədik. 90 dəqiqə yüksək səviyyəli futbol sərgiləyə bilməməyimiz fiziki çatışmazlıqlardan irəli gəlir. Bu oyunda qələbə qazanmalıydıq. Deyərdim ki, bu gün bir xal qazanmadıq, iki xal itirdik.
 
– Şahin Diniyevin gəlişindən sonra komandada hansı dəyişikliklər baş verib?
– Komandada vəziyyət get-gedə yaxşılaşıb. Son pillədə  olduğumuz üçün komandada psixoloji durum elə də yaxşı deyildi. İndi ən azından psixoloji vəziyyət yaxşılaşıb. Çünki o, öz təcrübəsini uşaqlara yaxşı aşılayır. Özünüz  də görürüsüz ki, irəliləyiş var.
 
– Bu oyunda sarı vərəqə aldınız? Hakimin bu qərarı doğru idi?
– Hakimlərlə bağlı danışmaq istəmirəm.
 
– Niyə? Onların idarəçiliyindən razı olduğunuza görə?
– Hər şey göz önündəydi. Mən orda rəqib futbolçuya toxunmamışdım. Gərək insana obyektiv ola.
 
– Artıq hər turda hakimlərlə bağlı qalmaqal yaranır. Siz bunun arxasında səbəb olaraq nəyi görürsüz: qərəz, yoxsa təcrübəsizlik?
– Hər bir insan səhv edir. Əsas odu ki, bilə-bilə səhv etməyəsən. Fariz Yusifov Azərbaycanın ən təcrübəli hakimlərindən biridi. Gərək o, idarəçiliyində obyektiv ola. Başqa nə deyim?!
 
RÖYA KƏRİMLİ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp