Lənkəran camaatı yenə narazıdı. Cənub bölgəsində yenə istefa sədaları eşidilir.
 
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın işi nəinki azarkeşləri, hətta klub rəhbərliyini, futbol ictimaiyyətini də qane etmir. Uelsli mütəxəssisin fəaliyyətinin bir adı var ki, o da uğursuzluqdu. Ona xərclənən pulların qarşılığını görmürük. Qovulması qarşılığında 1,5 milyon avro tələb edən biri işini elə səviyyədə görməlidi ki, buna ehtiyac qalmasın. Ancaq hər 2-3 oyundan bir Toşakın göndərilməsi gərəkdiyini sübut edən faktlar ortaya çıxır.
 
Bununla belə, “Qarabağ”la oyundakı məğlubiyyətə görə Toşakın istefaya səslənməsi mənə bir qədər qəribə gəldi. Superkubokdakı qələbədən sonra azarkeşlər çiynində gəzdirdiyi birini belə tez yerə çırpmamalıydı. Ya o, ora qaldırılmamalı, ya da oradan o şəkildə endirilməməliydi.
 
“Xəzər Lənkəran”ın Superkubokdakı qələbəsində Toşakın əməyi olmadığını öncəki yazılarımızda
qeyd etmişdik. Cənublulara “Neftçi”yə qarşı motivasiyalı oynamaq və bakılıları yenmək üçün məşqçi lazım deyil. Amma uelsliyə də həmin qələbəyə və ya “Qarabağ” məğlubiyyətinə görə qiymət verilməməlidi. Ağdamlılara evdə böyük hesabla uduzmaq qəbuledilməzdi, ancaq onu göylərə qaldıran Superkubokun üzərinə toz qonmamış bu addım bir az yersiz göründü.
 
Lənkəran azarkeşləri tələbkardı, xərclənən böyük pulların qarşılığında uğur qazana bilmədikləri üçün əsəbləşmələri də normaldı. Ancaq o da var ki, “qələbədə alqış, məğlubiyyətdə qarğış” prinsipi ilə uzağa getmək olmaz. Toşak pis məşqçidisə, komanda udanda da, uduzanda da onu istefaya səsləyin, çiyninizdə gəzdirməyin; yaxşıdısa, Naxçıvandakı qələbədə olduğu kimi daim ona dəstək verin.
 
Lənkəran camaatı yenə narazıdı. Amma bu narazılıq davamlı deyil, hansısa uğursuzluğa verilən ani qiymətdi. Klub üçün yubiley mövsümü isə yarılanır. Cənub klubu turnir cədvəlinin ikinci yarısının tən ortasındadı.
 
MURAD
Shares: