“Çox şeyə söz vermək olar. Sirr deyil ki, İlham Əliyev də qalib gəlmək istəyir, o, prezidentdir. Ancaq məsələn, San-Marino millisinin hər üzvünə milyon dollar mükafat söz versən belə, onlar Ukraynanı məğlub edə bilməyəcəklər” – bunu 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatının bombardiri olmuş Oleq Salenko deyib.
 
Rusiya yığmasının sabiq üzvü Kamerunla 6:1 hesabı ilə başa çatan oyunda vurduğu 5 qolla bütün dünyada bir andaca məşhur olmuşdu. Yaxınlarda ehtiyac üzündən qazandığı “Qızıl buts”u satmağa qərar verən Salenko Rusiya yığmasına qalib gələcəyi təqdirdə millimizin oyunçularına vəd olunan 127 min dollardan danışıb: “Vəd olunan mükafat azərbaycanlı futbolçuları “yandıra bilər”. Heç nədən, nəticəsi ciddi əhəmiyyət kəsb etməyən matç üçün böyük miqdarda mükafat ayrılsa, bu, problem yarada bilər”.
 
Qeyd edək ki, bu gün DÇ-2014-ün seçmə mərhələsinin son oyununda Rusiya yığmasını qəbul edən millimizin hər bir oyunçusuna qələbə müqabilində 127 min dollar mükafat vəd olunması ilə bağlı iddialar var. Artıq hər iki ölkənin futbol ictimaiyyətində yer alan bir sıra şəxslər bu məsələyə münasibətini bildirib. Onlardan biri də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdi.
Rusiya mətbuatına müsahibə verən Musayev bu gün DÇ-2014-ün seçmə mərhələsində qonşularımıza qarşı keçirəcəyimiz görüş barədə danışıb. PFL prezidenti bildirib ki, millimizin futbolçuları rəqibi qıcıqlandıracaq açıqlamalarla çıxış etmirlər, sadəcə, jurnalistlər məsələni böyüdür:
 
“Rusiya ilə oyunun xüsusi prinsipiallıq daşıması ilə bağlı söylənilən fikirləri çox şişirdilmiş hesab edirəm. Biz ruslara böyük hörmətlə yanaşırıq. Çox şadıq ki, onlar dünya çempionatının bir addımlığındadı. Mükafata gəlincə, bu məlumat mətbuatda yayılıb, biz deməmişik. Belə məbləğdən söhbət getmir. Bizim hər futbolçuya 127 min dollar verəcək qədər pulumuz yoxdu! Lakin qonorar məsələsinə həqiqətən baxılıb. Bu, dünya praktikasında görünən normal haldı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp