Futbol da musiqi kimi bir şeydi. Onun dili birdi. İstəyirsən yerli, istəyirsən xarici musiqiyə qulaq as, musiqi elə musiqi olaraq qalır! Çünki insan ruhu dillərə və millətlərə bölünmür. Futbolda da belədi. Meydana çıxan oyunçunun, komandanı çalışdıran məşqçinin hədəfi eynidi. Dünyanın 4 bucağında futbolu eyni cür oynayırlar. Azarkeşlər bu oyuna eyni gözlə baxır, eyni cür başa düşür. Ona görə də futbol fəlsəfəsində yerli və əcnəbi anlayışı heç nəyi dəyişmir.
 
Bəli, Azərbaycan premyer-liqasında yarışan komandaların əksəriyyətinin hədəfi eyni olsa da, onları çalışdıran komandaların milliyyətləri ayrıdı. Adətən əcnəbi mütəxəssisləri daha səviyyəli olduğuna görə ölkəyə gətirsələr də, onlar müəyyən mənada futbolun dilini Azərbaycan türkcəsinə çevirməkdə çətinlik çəkir. Bəli, təəssüf ki, Azərbaycan futbolunun özünəməxsus dili var və hətta dünyanın ən adlı-sanlı mütəxəssisləri ölkəmizdə çalışmaqla bu dili öyrənə bilmir.
 
Təsadüfi deyil ki, son 3 mövsümdə “Neftçi” məhz yerli mütəxəssislərin başçılığı altında ölkə çempionluğunu bayram edib. Bunun məntiqi davamı kimi hazırda ilk dövrədən sonra premyer-liqada da məhz ilk 2 pilləni tutan komandanın məşqçisinin də yerli olduğunu görürük. Görəsən, bunun səbəbi nədi? Doğrudanmı hazırda Azərbaycan birinciliyi əcnəbi mütəxəssislər üçün anlaşılmaz hala düşüb? Ancaq bir qədər də dərindən düşünməli olsaq, futbolumuzun nəinki dilli olmadığını görərik, hətta onun lal vəziyyətdə olmasının da şahidi olarıq. Necə deyərlər, lalın dilini anası bilər.
 
Əlbəttə, bu ölkədə aranı qarışdırıb məzhəbi də itirən məhz “Neftçi”di. Kim bilir, “ağ-qaralar”ın dominantlığı olmasaydı, indi hansısa əcnəbi mütəxəssisin çalışdırdığı komanda hegemonluğu ilə yadda qalardı. Ancaq Tsxadadze və Hacievski kimi fiqurların məharətini istisna etsək, bizdə daxili yollara məhz yerlilərin işıq salmaq iqtidarında olduğunu görərik. Adicə çempion ola bilməyən “Qarabağ” yerli mütəxəssislə avrokuboklarda yarışan əcnəbi mütəxəssislərin komandasından daha yaxşı çıxış edir.
 
Bəli, biz artıq belə bir sərhədi yarada bilmişik. Hətta legioneri bol olan komandalar da yerli məşqçilərə qulaq açmaqda daha maraqlıdı. Ancaq məsələ tək bundan ibarət olsaydı, nə var idi ki? Azərbaycanda çempionluq uğrunda yarışan komandalar yerli mütəxəssislərə şans versə də, elitada qalmaq üçün yarışanlar da eyni prinsiplə irəliləyir. Hətta deyərdim ki, geriləyir. Son illər AFFA-nın “uğurlu” siyasəti sayəsində premyer-liqamızda “düşən-çıxan” olmadığından son pillələrdə qərarlaşan komandaları çalışdıranların milliyəti də mahiyyətini itirir. Amma cansız siyahıya nəzər salmalı olsaq, autsayderlər arasında məhz “Sumqayıt”ın əcnəbi çalışdırıcıya şans verməsini görərdik ki, rəhbərlik də almaniyalı Bernard Raaba şans verməyin mənasızlığını anlayıb Aqil Məmmədova üstünlük verdi. Düzdü, enində-sonunda yenə də heç nə dəyişməyib. “Sumqayıt” yenə də böyüyə bilmir. Belə baxanda iddiasız komandaları hardasa başa düşmək olar. Adam kimi elə adamlardan ibarət olan komanda da ayağını yorğanına qədər uzatmalıdı. Belə oyunçu potensialıyla “Sumqayıt”a dünyaca ünlü dahi məşqçini də gətirsən, nəyisə dəyişə bilməyəcəksən (Ekspress).
Əlbəttə, “Sumqayıt”la müqayisədə “Rəvan”ın oyunçu potensialı daha yüksək dəyərləndirilməlidi. Ona görə də son pilləri tutan komandaların yerlilərə üstünlük verməsini normal qarşılamaq lazımdı. Ümumiyyətlə, dünyanın hər bir bucağında sonuncu yerdə olan komandaların “sükanı arxasında” məhz yerlilərin üstünlük təşkil etdiyini görürük. Heç bir klub rəhbəri sonuncu pilləni əcnəbiyə bağışlaya bilməz. Belə olan məqamda yerlilər həmişə “ağ atlı oğlan” kimi peyda olur.
 
Ümumiyyətlə, hazırkı turnir cədvəlində yaranan vəziyyətə baxsaq, zirvədə məhz “Neftçi”nin qərarlaşmasının və onun məşqçisinin məhz yerli olmasının tam olaraq zərurətdən doğduğunu iddia etmək olmaz. Məsələ ondadı ki, “ağ-qaralar” son turda məhz lider “Qəbələ”ni səfərdə udmaqla vəziyyəti xeyrinə dəyişdi. Yəni geridə qalan 9 turda “flaqman” dominantlığı ilə yadda qalmırdı. Həm də gəlin etiraf edək ki, karyerasında ilk dəfə baş məşqçi vəzifəsində çalışan Tərlan Əhmədov nüfuzuna görə digər mütəxəssislərə uduzur. Yəni biz Əhmədovu Syomin və Toşakla müqayisə edə bilmərik.
 
Deməli, məsələ sistemdədi ki, “Neftçi” məhz çempionluq sürəti sayəsində rəqiblərini yenə də arxada qoymağı bacarır. Hazırda Əhmədovlu “Neftçi”ni rels üzərində hərəkət edən qatara bənzətmək lazımdı. Yəni qatarın sükanı olmadığından maşinistin işi sadəcə, onun sürətini artırıb azaltmaqla ölçülür. Əhmədov “Neftçi”yə sürət verir, amma “ağ-qaralar” öz relsiylə hərəkət edir.
 
Digər komandaların məşqçiləri isə sanki avtomobil idarə edir. Elə ona görə də Yuri Syomin, Con Toşak, Kaxaber Tsxadadze və Milinko Pantiçin durumunu başa düşmək olar. Belə baxanda bu mövsüm Azərbaycana gələn Syominlə Pantiçin “performans”ını yüksək dəyərləndirmək olar. Düzdü, rusiyalıyla müqayisədə serbiyalı hələ ki, komandasında elə də böyük dəyişikliklərə nail olmayıb. Ancaq Bandoviçin komandasıyla müqayisədə hazırkı “Bakı” daha uğurlu çıxış edir. Hətta “Bakı” “İnter”lə birgə 16 qolla çempionatın ən məhsuldar komandasıdı.
“İnter”dən söz düşmüşkən, daim Tsxadadzenin başçılığı altında zirvə uğrunda mübarizə aparan və etibarlı müdafiəsi ilə seçilən “bankirlər”in hazırkı durumu ayrıca bir söhbətin mövzusudu. Ya Tsxadadzenin artıq “İnter” dəftəri bağlanıb, ya da komanda müvəqqəti böhrandadı.
 
Sözümün canı ondadı ki, komandaların məşqçi seçiminə görə qərarlaşdığı durum heç də mütəxəssislərin çəkisinə görə deyil. Sadəcə, məşqçinin əlinin altında olan material və klubdakı ab-hava birbaşa olaraq nəticələrə təsir göstərir. Hətta deyərdim ki, çətin vəziyyətdə olan klublar yerli çalışdırıcılarla müqayisədə əcnəbilərə daha çox güvənir. Əminliklə söyləmək olardı ki, bu gün bu nəticəylə Toşakın yerində Tərlan Əhmədov qərarlaşsaydı, “Xəzər Lənkəran” rəhbərliyi çoxdan onunla vidalaşmışdı. Burada həmçinin təzminat məsələsi də öz sözünü deyir. Yerli mütəxəssislərlə qarşılıqlı razılıq əsasında ayrılmaq və para məsələsində dil tapmaq asandı. Əcnəbilərə yüksək məvacib ödənildiyindən klub bossları onların nazıyla oynamağa məcbur olur.
 
Bəli, göründüyü kimi, turnir cədvəli də məşqçilərin milliyətinə görə hansısa formulları üzə çıxara bilmədi. Əlbəttə, hazırkı durumu təsadüfün də ayağına yazmaq olmaz. Amma bizdə futbol sistemi inkişaf etmədiyindən zərurətlərimiz daha çox təsadüflərə bənzəyir. Bəlkə də mövsümün sonunda zəruri çempionumuz təsadüfi əcnəbinin qəhrəmanlığı ilə uğur qazanacaq…
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp