Bu da son. Millimiz DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində axırıncı 90 dəqiqəsini keçirdi. Maraqlıdı ki, ölkəmizin bir nömrəli komandası son oyunun sonuncu dəqiqəsində son qolunu vuraraq, sonuncu xalını qazandı. Beləliklə də, keçirdiyi 10 oyunda 7-ci dəfə matçı məğlub olmadan başa vurdu…
 
Cari seçmə tsikldə qazanılan 9 xal yığma komandamızın tarixinə ən uğurlu nəticə kimi düşdü. Bununla yanaşı, bir sıra yeni rekordlar da qeydə alındı. Dünənki oyun istisna olmaqla, digər 9 qarşılaşmanın heç birində rəqiblərimiz ilk 45 dəqiqədə yığmamızın qapısına yol tapa bilmədi. Millimiz tarixində ilk dəfə səfərdə keçirdiyi qarşılaşmaların 3-də məğlub olmadı. Tarixdə ilk dəfə qrup 4-cüsü olduq. Cari tsikl buraxılan qol vaxımından da tarixə düşdü. Bunadək  həmişə 11 qoldan çox qol görmüşdük qapımızda. Statistiklər axtarsa, yəqin ki, daha bir neçə əlamətdar hadisəni üzə çıxara bilərlər. Lakin mən millimizin sabahı barədə fikirlərimi bölüşmək istəyirəm. Söhbət növbəti seçmə mərhələdə yığma komandanın "sükanı"nı kimə etibar edilməsindən gedir. Geniş siyahı açmaq niyyətim yoxdu. Sırf  Berti Foqts barəsində subyektiv fikirlərimi bölüşmək istəyirəm.
 
Alman mütəxəssis millimizin başında olduğu 3 tsikl ərzində bizləri qəzəbləndirdiyi vaxt da olub, sevindirdiyi də. Əlbəttə, millimizin müsbət nəticələri uğursuzluqların arasında itib-batır. Lakin mən tendensiya izləməyin tərəfdarıyam. Əvvəla, yığmamız Foqtsun rəhbərliyi altında hər növbəti tsikldə daha çox xal qazanmağı bacarıb.
 
İkincisi, cari seçmə mərhələdə milli komandamız ən sabit oyununu ortaya qoydu. İsrailə qarşı hər iki oyunda əldə edilən heç-heçələr, Şimali İrlandiyadan alınan 4 xal, Rusiyaya qarşı Bakı bərabərliyi: bu matçlarda əldə olunan nəticələr (sərgilənən oyunu demirəm) millimizin uğuru kimi dəyərləndirilməlidi. Etiraf etməliyik ki, millimiz heç vaxt bir seçmə mərhələdə bu sayda qarşılaşmayla öyünə bilməyib.
 
Nəhayət, üçüncü və zənnimcə, ən önəmli məqam: millimizin kapitanı Rəşad Sadıqov Rusiyayla oyunöncəsi verdiyi müsahibələrdən birində "uşaqların hamısı Foqtsun qalmasını istəyir", – demişdi.
Gəlin bir anlığa düşünək: meydanda nə Rövnəq Abdullayev oynayır, nə Elxan Məmmədov, nə Ramin Musayev, nə jurnalistlər, nə də Berti Foqts. Kimin baş məşqçi olmasından asılı olmayaraq, yaxın illərdə millimizin şərəfini dünən ruslara ustalıq səviyyəsində nəzərəçarpacaq dərəcədə uduzan, lakin qeyrət naminə sonadək mübarizə aparan bu uşaqlar olacaq. Deməli, milliyə sən, mən, obirisi istəyən yox, məhz bu formanı geyinən futbolçuların istədikləri baş məşqçi lazımdı. Bir halda ki, onlar Foqtsu istəyir, biz buna dəstək olmalıyıq. Başqa sözlə hamı bir nöqtəyə vurmalı, umu-küsünü unutmalıyıq. Babalı Rəşadın boynuna.
 
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp