Futbolda çox dəyişiklik etmişəm. Deyəsən, xal sisteminə də özüm əl gəzdiməliyəm, belə olmaz. Gör nə günə qalmışıq ki, Azərbaycan millisi artıq 9 xal toplayıb. Qələbəyə görə 3 xal verilməsi düzgün deyil. Ən azı bunu hər komandaya vermək olmaz.
 
Bu, futboldu, xala-xala oyunu deyil. Xalı da kiminsə qara gözünə, qara qaşına görə vermək olmaz. Berti Foqts xalaoğlum mənim taktikamı əla mənimsəyib, zalım oğlu məni də kölgədə qoyub, oturur müdafiədə: 9 oyundu fasiləyə kimi top buraxmır. Urəyimə xal düşüb, deyəsən, mənə müdafiə futbolundan dərs demək istəyir. Xalqın içində biabır olacam.
 
Azərbaycan yığmasının 9 xalı millinin tarixində rekorddu. Amma bu xalın ən azı yarısı mənim hesabıma qazanılıb. Taktika mənim, üslub mənim, dadı Foqtsun – belə olmaz. Ya mənim haqqımı nəzərə alıb qələbəyə, heç-heçəyə görə verilən puldan mənə pay ayırmalıdılar (çünki heç Roman Abramoviç də bu qədər mükafat ayırmır), ya da FİFA-ya şikayət edəcəm ki, bərabərlik sayına limit qoyulsun, 3-dən artıq heç-heçəyə xal verilməsin. Xalq buna nə deyir?
 
Xalaoğlum Foqtsun aqibəti də qəribədi. Bu adam “xaltura” edəndə yanağında xal axtarmır, onu əzizləyirdilər. Ancaq indi, artıq işinin nəticəsi  görünəndə ayağının altına xalı sərib yola salmaq istəyirlər. Bunu xalq görməsə də, xaliq görür. Xalis insafsızlıqdı. Düzdu, mənə qarşı etdiyi insafsızlığa görə hardasa buna layiqdi, amma adamın ürəyinə xal düşür.
 
Mən Azərbaycan yığmasında işləyərəmmi? Heç vaxt “heç vaxt” demə. Ancaq düzü, bu futbolçularla mümkün olanı artıq Foqts edib. Nə vaxt Araz Abdullayev Kriştianu Ronaldo, Mahir Şükürov Marselo kimi oynasa, Rəşad Sadıqovu Con Terri, Qara Qarayevi Frenk Lempard kimi təsəvvur edib gələ bilərəm. Bir də ki, Azərbaycanda kimi istəsən milliləşdirmək olursa, lap Lionel Messinin də milliyyətini dəyişmək olar. Xala xətrin qalmasın yox e, xal toplamaq üçün… Həm də sürünə-sürünə yox, xala xal demədən…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp