Başımız Aleksandr Səmədova qarışdı, oyun yaddan çıxdı. Bir də gördük qapımızın toru silkələnir. Bu da ilk hissədə top buraxmamağı ilə öyündüyümüz yığma komanda.
 
DÇ-2014-ün seçmə mərhələsinin Rusiyaya qarşı son oyunu bizim üçün yaxşı baslamadı. Əslində, rəqib çox güclü idi. Bunu elə Portuqaliyanı qabaqlamaları da əyani şəkildə göstərir. Sadəcə, son günlər qıcıq doğuran açıqlamalar, eləcə də bütün postsovet ölkələri üçün ənənəvi olan böyük qardaşa uduzmamaq istəyi bizim üçün matçın önəmini artırmışdı. Son günlər Moskvada baş verən iğtişaşlar da qəzəbə çevrilmişdi.
 
Berti Foqtsun millimizdə son oyunu olması, futbolçulara böyük məbləğdə mükafat vəd olunması da meydandakı mübarizəni daha da gərginləşdirməliydi. Pul üçün, xal üçün, ruslara görə mundiala vəsiqə, bizə görə milli şərəf üçün mübarizə getməliydi. Getdi də. Ancaq xal gətirən qolu vurana kimi meydanda yalnız ustalıq səviyyəsi ilə əzmkarlığın qarşıdurması izlənilirdi. Yığmamızın açıq-aşkar ikinci nömrə kimi oynaması isə birbaşa Foqtsun günahı idi. Rəqibin heyətində azərbaycanlı soyadını görəndə qəzəblənən azarkeşlərimiz nədənsə millimizdəki rus soyadlı futbolçuların – Levinlə Medvedyevin – birgə səhvi nəticəsində buraxdığımız qolu sükutla qarşıladı. Halbuki məhz onlar start heyətdə olmamalı idi.
 
Vladimir Levin cəzalı Rasim Ramaldanovu məcburiyyətdən əvəz etmişdi. Bununla belə məncə, Bədavi Hüseynov, eləcə də yarımmüdafiəyə çəkilmiş Ruslan Abışov ondan daha faydalı olardı. Qara Qarayev və Rəşad Sadiqov isə orta sahədə cinah müdafiəçisi kimi tanıdığımız Maksim Medvedyevdən çox xeyir verərdi. Foqts qalib heyəti dəyişməklə böyük səhvə yol verdi və yalnız son dəqiqələrdə lazımi dəyişiklikləri etdi ki, bu da xal gətirdi.
 
Səmədova qarşı aqressiya Fabio Kapellonun işinə yaradı. Hamının başı ona qarışdı, ruslar isə mundiala vəsiqəni rəsmiləşdirdi. Gözəl ötürmə edən Mahir Şükürovun, əla qol vuran Vaqif Cavadovun haqqını yemək olmasın, amma bərabərlik qoluna ürəkdən sevinə bilmədim. İnanın, ruslara 1 xal deyil, qələbə lazım olsaydı, onlar bunu əldə edərdilər. Üstəlik, buna kimi millimizin düz-əməlli hansısa hücumunu görməmişdik. Ancaq sonda ruslaı Braziliyaya aparan, millimizi qrup 4-cüsü edən heç-heçə qeydə alındı. Yadda qalan oyunətrafı şou, Səmədovun daş-qalaq edilməsi oldu.
 
Əslində matçı ruslar da heç-heçəyə hesablamışdı. Onlar bunu Portuqaliya İsraillə oyunda xal itirdikdən sonra yəqin etmişdi. Belədə uzun müddət hesabda öndə olan ruslar yığmamızın da xətrinə dəymədi. Əks halda, inanın ki, yalnız əzmkarlıq hesabına Kapellonun yetirmələrindən xal almaq olmazdı.
 
Matçın heç-heçə bitməsini zəruri edən başqa səbəblər də var idi. Moskvada son vaxtlar baş verənlər, Səmədovla bağlı olaylar, eləcə də tarixi bağlılıq sülhü qaçılmaz edirdi. Belə də oldu. Ötən seçmə mərhələdə olduöu kimi yenə ruslarla görüş son tura saxlanıldı və hamını məmnun edən sülh reallaşdı. Elə Səmədovla mətbuat konfransında onu yıxıb-suruyən Rəşad Sadıqov da oyundan sonra sülh şəraitində danışırdı…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp